Məşqçisindən yaşlı qapıçı - Noyer DÇ-2026-da rekord qırdı

19:00 15 İyun 2026

Almaniya milli komandasının qapıçısı Manuel Noyer DÇ-2026-da dünya çempionatları tarixinə düşən nadir və tarixi bir ilkə imza atıb.

Sitat.info xəbər verir ki, təcrübəli qolkiper turnirdə özündən yaşca kiçik olan baş məşqçinin rəhbərliyi altında meydana çıxıb.

Mundiallar tarixində belə bir hadisə son 72 ildə ilk dəfədir reallaşır.DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kürasao seçməsinə qarşı keçirilən və Bundestimin 7:1 hesablı darmadağını ilə başa çatan oyunda Almaniyanın qapısını 40 yaşlı Manuel Noyer (1986-cı il təvəllüdlü) qoruyub. Komandanın baş məşqçisi Yulian Nagelsmann isə 1987-ci il təvəllüdlüdür və o, öz qapıçısından bir yaş kiçikdir.

Məlumata görə, dünya çempionatlarında futbolçunun öz məşqçisindən yaşca böyük olduğu analoji hadisə sonuncu dəfə 1954-cü ildə qeydə alınıb. Həmin vaxt Çexoslovakiya – Uruqvay matçında çexoslovakiyalıların məşqçisi Yaroslav Ceyp (1924 təvəllüdlü) özündən böyük olan Karel Reymanı (1921 təvəllüdlü) meydana buraxmışdı.

Xatırladaq ki, M. Noyer Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub. 40 yaşlı qapıçı ümumilikdə milli komandada 125 oyun keçirib və hazırda transfer dəyəri 4 milyon avro qiymətləndirilir.



Xəbər xətti