Keçmiş qaçqın və məcburi köçkünlər həmişə öz yurd-yuvalarına qayıdacaqları günü gözləyiblər. Artıq həmin o gün gəlib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni işğalından azad edib. 30 ilə yaxın erməni tapdağında qalmış tarixi torpaqlarımızda müasir innovasiyaların tətbiqi ilə quruculuq işləri icra edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi də ölkəmizdə ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə böyük uğurla tətbiq edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndində tətbiq edilən “ağıllı kənd” layihəsinin artıq ilkin mərhələsi hazırdır: “Ağalıda “ağıllı kənd” layihəsi ilə müasir evlər tikilib. Həmin kəndin sakinlərinin o evlərdə yaşaması üçün bölgü aparılıb. İlkin olaraq 41 ailənin ora köçürülməsi nəzərdə tutulur. Bu isə artıq Böyük Qayıdışın başlanğıcı hesab edilir”.