Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Sitat.info xəbər verir ki, partiyanın sözçüsü İveta Tonoyanın sözlərinə görə, Tsarukyana məxsus Tsaxkadzordakı hotellər möhürlənib, "Multi Group" şirkətlər qrupuna daxil olan onlarla müəssisənin fəaliyyəti dayandırılıb.
Bildirilib ki, nəticədə təxminən 7 min əməkdaş məcburi məzuniyyətə göndərilib.
Ermənistan hüquq-mühafizə orqanları Tsarukyanın evi və şirkətləri ilə əlaqəli 70-dən çox ünvanda eyni vaxtda axtarış aparıb. Axtarışlar zamanı onun şəxsi zooparkında saxlanılan 3 şir və 1 pələng İrəvan Zooparkına köçürülüb.
Bundan əlavə, qanunsuz ovçuluqla bağlı istintaq çərçivəsində 190 doldurulmuş vəhşi heyvan və quş maddi sübut kimi götürülüb. Yerli KİV-in iddiasına görə, heyvanlardan biri köçürülmə zamanı oyanmayıb.
Tsarukyanın vəkili Yerem Sarkisyan müvəkkilinin məhkəməyə çıxarılacağını və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət veriləcəyini təsdiqləyib. O, dələduzluğa yardım və çirkli pulların yuyulması ilə bağlı ittihamları "absurd və gülünc" adlandırıb.