Jurnalistləri döyürlər, çəkilişlərə mane olurlar – Şuradan sərt REAKSİYA
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında bildirilib.
Qeyd edilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir:
“Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edir, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırır”.
Xatırladaq ki, son günlər Azərbaycanda jurnalistlərin peşə fəaliyyətini həyata keçirərkən fiziki zorakılığa məruz qalması ilə bağlı iki hadisə qeydə alınıb. Belə ki, 225 saylı orta məktəbdə çəkiliş aparan REAL TV-nin əməkdaşı döyülüb. Dünən isə paytaxtdakı Taxta bazarında baş verən yanğın hadisəsi ilə bağlı çəkiliş aparmağa gedən APA İnformasiya Agentliyinin əməkdaşı da fiziki hücuma məruz qalıb.