Ayaqqabı fabriki yanğınında 4 nəfər öldü
Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində yaranıb.
Binadan huşsuz vəziyyətdə tapılan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 4-ü ölüb, 2-si isə həkimlərin nəzarəti altındadır.
Hadisə yerinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb edilib. Fabrikdə tezalışan materialların, o cümlədən rezin və kimyəvi maddələrin olması səbəbindən söndürmə işləri təxminən 4 saat davam edib.
Polis və kriminalistlər hadisənin səbəblərini araşdırmağa başlayıblar. Mütəxəssislər binanın planını, giriş və çıxışların mövcudluğunu, həmçinin yanğın təhlükəsizliyi tələblərinə əməl olunmasını yoxlayırlar.