“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Xarici İşlər Nazirliyi bu illər ərzində əsir və girovlarla bağlı davamlı fəaliyyət göstərib, Azərbaycan bütün mümkün beynəlxalq platformalarda bu məsələni qaldırır”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, Ermənistanın hansı beynəlxalq humanitar hüquq normalarını pozduğu göstərilməklə, BMT və onun müxtəlif agentlikləri, ümumiyyətlə, bütün beynəlxalq təsisatlarda bu məsələlər qaldırılır: “4 fevral tarixində Prezident İlham Əliyev, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında dördtərəfli görüşdə bu məsələlər müzakirə olunub. Müzakirələr əsasən humanitar mövzularla bağlı idi. Azərbaycan Prezidenti bu platformadan da istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyə qədər 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə demək olar əməkdaşlıq etməməsi, beynəlxalq hüquq normalarını, insanlıq dəyərlərini tamamilə tapdalaması, bu barədə məlumatları gizlətməsi məsələsini qaldırıb. Vacib məqam odur ki, Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən dördtərəfli formatda Ermənistan Baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib. Bu, ümumilikdə müsbət inkişaf kimi qeyd edilə bilər. Amma təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan XİN çox təzadlı, suallar doğuran və heç bir məntiqə, insanlığa sığmayan, beynəlxalq hüquqa uyğun olmayan bir formatda açıqlama yayıb. Ermənistan XİN bu istiqamətdə hansısa öhdəliklərin götürülməsini inkar edib. Buna hansısa izahat vermək çətindir. Çünki bu, bir öhdəlikdir. Mən moldovalı həmkarımla görüşdə dedim ki, Azərbaycan bu istiqamətdə Ermənistana bir nümunə göstərir. Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatandan sonra həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm Rusiya, həm Ermənistan hərbçiləri ilə bu istiqamətdə əlaqələr yaratdı, birgə fəaliyyət apardı. Bu fəaliyyət nəticəsində 1709 erməni hərbçisinin cəsədi tapılaraq qarşı tərəfə təhvil verildi. Hərbi əməliyyatlar 2020-ci ilin noyabr ayında bitib, sonrakı qış aylarında, ağır şəraitdə, dağlarda, minalanmış ərazilərdə bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri də bu işlərdə iştirak edib. Ancaq 30 il keçəndən sonra Ermənistan tərəfindən bu istiqamətdə hansısa tədbirlər görülmür və buna bir don geyindirilir”.