Məşhur istirahət mərkəzində oğurluq iddialarına rəhbərlikdən AÇIQLAMA: “Ödənişi geri ala bilmədikdə bu yola əl atdı”  

Məşhur istirahət mərkəzində oğurluq iddialarına rəhbərlikdən AÇIQLAMA: “Ödənişi geri ala bilmədikdə bu yola əl atdı”  
HADİSƏ 25 Sentyabr 2026 13:04

"Quba Şahdağ Truskavets" sanatoriyasının rəhbərliyi mətbuatda istirahət mərkəzi ilə bağlı yayılan oğurluq iddiasına cavab verib. 

Sitat.info-ya danışan istirahət mərkəzinin rəhbəri Cəmil Məhərrəmov bildirib ki, bu ilin iyul ayında Bakı şəhər sakini Alla Ağayeva qızı ilə birlikdə Quba Şahdağ Truskavets" sanatoriyasında dincəlmək üçün 21 günlük müalicə paketi götürüb və ona uyğun endirimli qiymətlə ödəniş edib. 1 həftə sonra sanatoriyadan getmək istədiyini deyərək, qalan günlərin ödənişini geri istəyib. Lakin əvvəlcədən də müştərilərə bildirilən və müqavilədə əksini tapan şərtə uyğun olaraq ona ödənişin geri qaytarılmayacağı bildirilib.

Bundan sonra isə Alla Ağayeva prinsipə düşərək pulunu geri almaq üçün oğurluq iddialarını ortaya atıb: “Şikayətçi xanım ilk olaraq pulunun restoran ərazisində, başqa masada əyləşən bir şəxs tərəfindən oğurlandığını bildirdi. Arqumenti də bu oldu ki, həmin şəxsin uzun müddət onun çantasına baxırmış. Biz isə bildirdik ki, restoranda 300-dən çox insan var, kameralar hər istiqamətdən çəkir  və kütləvi məkanda çantadan pul oğurlanması absurd  iddiadır. Bundan sonra müştəri versiyasını dəyişərək pulun duz vannası zonasında, işçilər tərəfindən götürüldüyünü irəli sürdü. Çünki insanlar soyunub-geyindiyi üçün kamera olmadığını bilirdi. Biz ona dedik ki, vanna bölümündə eyni vaxtda ən azı 6 qadın olur. Hər pasientin girdiyi vanna digərlərindən divarla ayrılır, vannanın yanında həm stulun, həm də asılqan var ki, əşyalar pasientin gözünün önündə ya stulun üstünə qoyulur, ya da asılqandan asılır. Pasient vannada çılpaq halda olduğundan oraya heç kim daxil olmur, yalnız prosedur bitdikdən sonra geyinib kabinetdən çıxır. Yəni bu da əsassız iddia idi”.

Şikayətçi iddia edir ki, çantasında olan 2700 manatlıq ümumi məbləğdən yalnız müəyyən əskinasların (üç ədəd 100 manatlıq və əlli manatlıqlar) götürülüb. Rəhbərlik isə oğurluq edən şəxsin cüzdandan pulun bir hissəsinin seçilərək götürməsinin məntiqsiz olduğunu, şübhə yarandıqda dərhal kadrları izləməyi təklif etdiklərini bildirib.

 

Məsələni aydınlaşdırmaq üçün əraziyə mühafizə xidməti çağırılıb, daha sonra isə müştərinin tələbi ilə 102 xidmətinə zəng edilərək polis əməkdaşları cəlb olunub. Hadisə yerinə gələn təhqiqatçılar həm restoran, həm də vanna zonasında araşdırma apararaq tərəflərin izahatını alıblar.

Polislər iddiaların cəfəngiyyat olduğunu və göstərilən şəraitdə oğurluğun mümkünsüzlüyünü diqqətə çatdırıblar.

C.Məhərrəmov bildirdi ki, polis getdikdən sonra da əməkdaşların giriş-çıxışda yoxlanılması davam edib: “Polis getdikdən sonra da, müştəri məmnuniyyəti üçün dörd gün ərzində giriş-çıxışda olan bütün əməkdaşları yenidən yoxladıq, lakin heç bir şübhəli məqam aşkar olunmadı. Bütün bunlara rəğmən, şikayətçi məsələni media müstəvisinə çıxarmaq qərarına gəlib. O, "Şimal News" xəbər portalına, daha sonra "Musavat.com" saytına həqiqətəuyğun olmayan məlumatlar ötürüb”.

İş adamı hesab edir ki, müştəriyə bütün şərait yaradılsa da, o, dezinformasiya yaymaqla obyektin işgüzar nüfuzuna xələl gətirir: “Bu əsassız ittihamlara görə, mərkəzə 78 min manatlıq ziyan dəyib. Öncədən qeydiyyatdan keçən müştərilərimiz gəlməkdən imtina ediblər.  Böhtan xarakterli məlumatlara və işgüzr nüfuzumuza zərər vurduğuna görə, Alla Ağayevanı məhkəməyə vermişik, qanun qarşısında cavab verəcək”.

Məğrur,

Sitat.info