Bakı yatır, onlar isə iş başında: Bu bazarda gecə saat 3-dən qızğın alver gedir…    FOTOREPORTAJ

15:12 25 İyun 2022

Səhər saat 5 radələridir. Sitat.info-nun  əməkdaşı “8-ci kilometr bazarı”ndakı mənzərəni fotokameranın yaddaşına köçürür. 

Xalq arasında “Vasmoy bazarı” kimi tanınan “8-ci kilometr” bazarında sən demə əsas iş gecə saat 3-də başlayır. 

Qızğın alış-veriş bazarın topdansatış hissəsindədir. 

Bakı və Bakətrafı qəsəblələrdən olan satıcılar topdansatışdan məhsul almaq üçün üz tuturlar. Digər dükan-bazarlarda gördüyünüz qiymətlər buradakı qiymətlərin  30-40 faiz bahasıdır. Satıcılar qazanc qalsın deyə üstünə 30-40 qəpik qoyub müştərilərə satırlar.

Burada qiymətlər supermarketlərdə və mağazalardakı kimi əl yandırmır. Hər qiymətə məhsul tapmaq mümkündür. Çeşid bol, məhsul ucuz... Ancaq əsas şərt odur ki, kiloqramla deyil, kisə ilə, yeşiklə alas an. 
Təzə meyvə -tərəvəz istəyirsənsə, bazara erkən saatlarda gəlməli, hələ gün vurmamış tər məhsulu almalısan. 

Kiçik bir müqayisə edək, marketlərdə kiloqramı 6-8 manata olan gilas, bu bazarda 4-5 manatadır. Yaxşı ticarətçisənsə, daha da ucuz ala bilərsən.

Bazarın daimi, olmazsa-olmaz sakinləri isə arabaçılardır. Onlar üçün  iş gecəyarısından başlayır. Rayonlardan Bakıya gələn tonlarla məhsulu piştaxtalara daşıyırlar. Öyərnirik ki, bu bazarın 100-ə yaxın arabaçısı var. Hər gün bu say arta da , azala da bilir. Əsasən orta nəslin nümayəndələri çalışır bu işlərdə.

10 ildən çoxdur ki, bazarda arabaçı işləyən Əli dayı ilə həmsöhbət olduq. Deyir ki, gündəlik qazancları yaxşı olsa da, xərcləri də çoxdur: “ Arabanın gündəlik icarəsi 7-10 manat civarındadır. Nə iş tuturuqsa, səhər saatlarında, topdansatış bazarında tuturuq. Siqaretim, gündəlik yeməyim və digər xərclərimi çıxandan sonra 20 manat çörəkpulu aparıram. Allah bərəkət versin”.

Bəzən arabaçılar arasında yolvermək üstündə toqquşmalar da olur. Duzlu, məzəli sözlərlə ətrafdakıların gülüşünə səbəb olurlar.

Bu bazarda qazanmayan yoxdur. Satıcılar deyirlər ki, çörəkli bazardır. Əllərində su, siqaret satanlar da qazanır, evində peraşki bişirib satıcılara və alıcılara təklif edənlər də.  Hamı bir-birinin qazancına hörmətlə yanaşır. Çünki hər biri gecənin bir yarısında yuxusuna haram qatıb, bir tikə çörək üçün, halal ruzi üçün  buraya üz tutublar…

Lamiyə Xəqani,

Fotolar Səid İsaoğlu
SİTAT.İNFO




Xəbər xətti