Əsgərimizlə bağlı ŞOK detallar üzə çıxdı - "Məkanı yollayıb ki, “gəl bizə!” 

Əsgərimizlə bağlı ŞOK detallar üzə çıxdı - \"Məkanı yollayıb ki, “gəl bizə!” 
HADİSƏ 09 Oktyabr 2026 23:08

“Nəsimi Musayev nə qədər tez qaytarılsa, bu, Ermənistan üçün yaxşıdır”

Oktyabrın 1-də Ermənistanın Sünik (Zngəzur) vilayətinin Sisian (Qarakilsə) rayonunda yerləşən Şəki kəndində saxlanılan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev ətrafında müəmmalı vəziyyət davam edir.

Ermənistan rəhbərliyinin ziddiyyətli mövqeyi, bir-birini təkzib edən açıqlamaları bu ölkədəki radikallara da əlavə arqumentlər verib. Azərbaycanla sülh imzalamağa hazır olduğunu iddia edən Ermənistanın bir əsgər ətrafında böyük hay-küy salması, cəmiyyətin də aqressivlik nümayiş etdirməsi İrəvandan verilən bəyanatların reallıqdan kənar olduğunu təsdiqləyir.

Bu mövzuda hərbi ekspert Ədalət Verdiyev Musavat.com-un suallarını cavablandırıb.

Hərbi ekspert Ədalət Verdiyev həbs edilib

- Ədalət bəy, Ermənistan Azərbaycan hərbçisi ətrafında növbəti tamaşa hazırlamağa cəhd edir, yəqin sizin də diqqətinizi çəkib. İrəvandan baş verənlərə ziddiyyətli reaksiyalara münasibətiniz necədir?

- Ermənistan, əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycan əsgərinin tarixi torpaqlarımıza keçməsi üzərindən əlbəttə ki, bir tamaşa hazırlamaq niyyətindədir. Amma bunu nə dərəcədə bacaracaqları sual altındadır. Çünki Ermənistan tərəfinin özünün öz hərbi qulluqçularına ünvanlamalı olduğu çoxsaylı suallar var. İlk növbədə, söhbət ondan ondan gedir ki, həmin ərazinin müdafiə xəttində olan Ermənistanın hərbçiləri hara baxırdılar ki, Azərbaycan əsgəri bu qədər rahat şəkildə gedib kəndə daxil olur və deyilənlərə görə, orada bir neçə gün qala bilir? Bunun özü çox ciddi sualdır. Digər tərəfdən, erməni əsgərinin axtarışları bir neçə gün davam edib. Bu, artıq şou xarakteri daşıyır. Azərbaycan əsgəri bir neçə gün erməni qadının evində qalır, amma bundan heç kimin xəbəri olmur. Əsgər sərhəd xəttini necə keçir və yenə də heç kimin bundan xəbəri olmur? Üstəlik, bir neçə gün də onu kənddə axtarırlar. Bildiyim qədərilə, həmin kənddə bizim əsgərin gizlənə biləcəyi xüsusi sığınacaq, yeraltı tunel və ya buna bənzər bir yer yoxdur. Ona görə də axtarışlarla bağlı deyilənlər müəyyən qədər təbliğat xarakteri daşıya bilər. Məncə, Ermənistan öz ordusundakı nizamsızlığı Azərbaycan əsgərinin özbaşına mövqeyini tərk etməsi faktı ilə ört-basdır etməyə çalışır. Bizim əsgər də cinayət törədib, əgər Hərbi Prokurorluğun araşdırdığı araşdırmalar zamanı şübhələr təsdiqlənərsə, hadisənin digər təfərrüatı da aydınlaşacaq. O halda da sualların böyük hissəsi Ermənistana veriləcək. Hər bir halda, biz rəsmi açıqlamaları və məlumatları gözləyək. Ermənistan tərəfi sülh prosesi ilə bağlı Azərbaycanın daha əvvəllər göstərdiyi xoş niyyəti də nəzərə almalıdır. Belə ki, biz 32 erməni hərbçisini iki əsgərlərimizlə dəyişmişdik. Ermənistan tərəfi həmin faktları nəzərə alıb, Azərbaycan əsgərini geri qaytarmalıdır.

- Amma deyəsən, şirnikləniblər və düşünürlər ki, Azərbaycan o vaxt belə humanist addım atıbsa, deməli, yenə də bir əsgərinə görə bir neçə ermənini azad edə bilər…

- O məsələlər bir-birindən fərqlənir. Ağır cinayət törədən, 20 - 25 il azadlıqdan məhrum edilən, müharibə cinayəti törədən şəxslər heç bir halda bu əsgərlə dəyişməzlər... Hə, əsgərin əsgərə dəyişdirilməsi ola bilər. Bunu istisna eləmirəm, mümkündür. Amma separatçı qurumun rəhbərlərindən söhbət gedə bilməz, onların dəyişdirilməsi heç bir halda mümkün deyil. Bilirsiniz, hansı bir əsgər, tutaq ki, sadəcə sərhəddi keçdiyinə görə uzun illər boyu Ermənistanda qala bilər. Bu, absurd bir şeydir. Amma Ermənistan da nəzərə almalıdır ki, 1007 kilometrlik şərti sərhədin 12.7 kilometr hissəsi dəqiqələşdirilib. Qalan ərazi hələ qalır. Bu isə sərhədin heç 1.3 faizi eləmir. Birincisi, Ermənistanın da biz tərəfə əsgəri keçə bilər və sabah həmin əsgəri də Ermənistan geri almaq istəyəcək. Bunu mütləq nəzərə almalıdırlar. İkincisi də ki, əsgərin günahı varsa, o Azərbaycanda cəzalandıra bilər. Heç bir halda Azərbaycan özbaşına olaraq hərbi hissəni tərk edən əsgəri Ermənistana keçməsə belə, cəzasız buraxan deyil. Bunu Ermənistan nəzərə almalıdır. Yox, nəzərə almayıb vəziyyəti, belə deyək, o pafoslu bəzi müxalifət və yaxud revanşist qüvvələrin bəyanatlarına uyğun olaraq bir şou düzəltmək istəyirlərsə, bu, sabah onların öz başında çatlaya bilər.

- Bu fakt onu göstərir ki, erməni ictimai rəyi hələ də sülhə hazır deyil. O qədər aqressivdirlər ki... Hərbçimizə ən sərt cəzanın verilməsini təkidlə tələb edirlər sosial mediada. Paşinyan da minnət qoyaraq deyir ki, əsgər Ermənistanda ömürlük qalmayacaq. Bununla da güya ki, “humanist” görünməyə çalışır. Bütün bunlar nəyi göstərir?

- Yox. Cəmiyyəti sülhə hazırlaya bilmirlər. Nəyə görə? Ermənistan hakimiyyəti xalqı sülhə hazırlamaq niyyətini də nümayiş etdirmir. Baxın, biz Ermənistanda nələr görürük? Tutaq ki, Qarabağda məhv edilən erməni separatçı rejimin tabeliyindəki silahlı birləşmələrdə döyüşən əsgərlərə indi Ermənistanda abidə qoyulu, onların adına muzey açılır və yaxud ev-muzeyləri təşkil olunur.