Pezeşkian da Türkmənistana getdi - Xəzərin problemini qaldıracaq
İran Prezidenti Məsud Pezeşkian Türkmənistana səfərinin ölkənin qonşuları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və dəniz blokadasının mümkün təsirlərinin azaldılması baxımından mühüm imkan yaradacağını bildirib.
Sitat.info xəbər verir ki, Pezeşkian oktyabrın 8-də Türkmənistana yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında səfərin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi dəvəti ilə baş tutduğunu deyib.
İran lideri Xəzər dənizinin hazırda ekoloji təhlükələrlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Xəzər gələcək nəsillər üçün mühüm sərvətdir və dənizin ekologiyasının zərər görməsi sahilyanı ölkələr üçün ciddi problemlər yarada bilər.
Pezeşkian çirklənmə, Xəzərə su axınının azalması və dənizin quruması, həmçinin su canlılarının həddindən artıq ovlanmasını əsas problemlər sırasında qeyd edib. Bildirib ki, səfər çərçivəsində bu məsələlər müzakirə olunacaq.
İran Prezidenti həmçinin iki sammit çərçivəsində iştirak edən ölkələrlə çoxtərəfli münasibətlər, birtərəfliliyə qarşı mübarizə, enerji əməkdaşlığı, eləcə də siyasi, iqtisadi, sosial və təhlükəsizlik məsələləri barədə danışıqlar aparılacağını bildirib.
Pezeşkianın sözlərinə görə, İranın aidiyyəti nazirləri də müxtəlif komissiyaların tərkibində Türkmənistana səfər ediblər və danışıqlar artıq davam edir.
“Bu, qonşularla münasibətləri daha da dərinləşdirmək və dəniz blokadasının yaratdığı problemləri azaltmaq üçün yaxşı fürsətdir. Düşmənlər İranı bu qədər asanlıqla blokadaya ala bilməzlər. Çünki İranın 15 qonşu ölkəsi var və onların hər biri ilə müxtəlif marşrutlar vasitəsilə iqtisadi, ticari, siyasi və təhlükəsizlik sahələrində əlaqələri davam etdirmək mümkündür”, – deyə Pezeşkian vurğulayıb.
Qeyd edək ki, Pezeşkian Türkmənistanda Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının xüsusi qonaq qismində iclasında, həmçinin Xəzəryanı ölkələrin dövlət başçılarının ekoloji sammitində iştirak edəcək.