Azərbaycan XİN-dən vətəndaşlara çağırış
Azərbaycan Xarici İşlər Nazirliyi bir daha vətəndaşları hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Qara dənizdə Bolqarıstan sahili yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualına cavabında qeyd edilib.
"Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Qara dənizdə Bolqarıstan sahili yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu "CHELSEA-3" adlı xarici yük gəmisi hücuma məruz qalıb, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib.