"Azərişıq"ın Bilgəh tapmacası - Vətəndaşın kupçalı mülkünü zəbt edib transformaror quraşdırıblar! – İFŞA
Sabunçu rayonu, Bilgəh qəsəbəsində vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə ilə bağlı diqqətçəkən hüquqi ziddiyyət ortaya çıxıb. Belə ki, vətəndaş Seymur İsrafil oğlu Quliyevə məxsus 20 sot torpaq sahəsinin ərazisinə onun xəbəri və icazəsi olmadan "Azərişıq" ASC tərəfindən Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb və ərazidən "ilan kimi sürünən" yeraltı, yüksək gərginlikli elektrik kabel xətləri çəkilib!
Sitat.info xəbər verir ki, məsələnin ən maraqlı və müəmmalı tərəfi isə vətəndaşın rəsmi sorğularına dövlət qurumlarının və "Azərişıq" ASC-nin verdiyi cavabların bir-birini tamamilə təkzib etməsidir.
Seymur Quliyev bildirir ki, Bilgəh qəsəbəsində yerləşən 0,2 hektarlıq yaşayış məntəqələrinin torpaqları təyinatlı sahə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 17 fevral 2017-ci il tarixli Çıxarış (kupça) əsasında onun xüsusi mülkiyyətindədir.
Lakin əraziyə baxış zamanı məlum olub ki, torpaq sahəsinə qanunsuz daxil olunaraq orada 3106 saylı, 630 kVA gücündə transformator yarımstansiyası quraşdırılıb və insan həyatı üçün yüksək təhlükə yaradan elektrik kabelləri məhz vətəndaşın özəl torpağının altından keçirilib.
Mülkiyyətçi bu özbaşınalığa etiraz etdikdə, "Azərişıq" ASC-nin əməkdaşları qurğunun yerli qurumların rəsmi razılığı əsasında quraşdırıldığını iddia ediblər. Bundan sonra Seymur Quliyev həqiqəti üzə çıxarmaq üçün aidiyyəti qurumlara rəsmi informasiya sorğuları ünvanlayıb.
Vətəndaşın 5 may 2026-cı il tarixli müraciətinə "Azərişıq" ASC-nin Şəbəkə Əməliyyatları Departamentinin direktoru Elsevər Rüstəmlinin imzası ilə 21 may 2026-cı il tarixli, 13-13/2-2/06-Q-9040-5/2026 nömrəli rəsmi cavab məktubu göndərilib.
Məktubda qeyd olunur:
"Qeyd olunan ərazidə istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə 3106 saylı 630 kVA gücündə KTM quraşdırılmışdır. Qeyd olunan KTM 2009-cu ildə yerli icra orqanları ilə razılaşdırılaraq quraşdırılıb istismara verilmişdir".
Absurdun zirvəsi isə qurumun mülkiyyətçiyə verdiyi "tövsiyə"dir: "Azərişıq" özəl torpağa icazəsiz daxil olmasına baxmayaraq, obyektin köçürülməsi üçün torpaq sahibinin özünə yerli icra hakimiyyəti və ya bələdiyyəyə müraciət edib yeni yer tapmağı, daha sonra isə "ASAN xidmət"ə üz tutmağı məsləhət görür. Qanunsuzluğu edən qurum məsuliyyəti və problemi həll etmək yükünü zərərçəkənin üzərinə atır, lakin 2009-cu ilə aid olduğunu dediyi həmin "razılaşma sənədinin" nə nömrəsini, nə tarixini, nə də hansı qurumla bağlandığını göstərir.
Vətəndaş bu "görünməz sənədin" izi ilə gedərək 2 noyabr 2026-cı il tarixində "İnformasiya əldə etmək haqqında" Qanuna əsasən həm Bilgəh bələdiyyəsinə, həm də Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi İƏD üzrə nümayəndəliyinə rəsmi sorğu göndərib. Gələn cavablar isə "Azərişıq" ASC-nin arqumentini tamamilə darmadağın edib:
-Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi İƏD üzrə nümayəndəliyi (06 noyabr 2026-cı il tarixli, № 931 saylı məktub, nümayəndə V.H.Əsədov):"Apardığımız araşdırmalar nəticəsində "Azərişıq" ASC-yə qəsəbə nümayəndəliyi tərəfindən sözügedən ünvana transformator quraşdırılması üçün və ya xətt çəkilməsi üçün rəsmi və ya qeyri-rəsmi icazə, razılıq məktubu, akt və yaxud müqavilə verilməmişdir".
Bilgəh Bələdiyyəsindən verilən(11 noyabr 2026-cı il tarixli, № BB-434 saylı məktub, sədr K.S.Zeynalov) cavab da eyni məzmunludur:
-'"Azərişıq" ASC-yə Bilgəh bələdiyyəsi tərəfindən sözügedən ünvana transformator quraşdırılması üçün və ya xətt çəkilməsi üçün rəsmi və ya qeyri-rəsmi icazə, razılıq məktubu, akt və yaxud müqavilə verilməmişdir".
Beləliklə, Bilgəhdə sözün əsl mənasında "transformator tapmacası" yaranıb. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə (Mülkiyyət hüququ) və Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Eyni zamanda, "Bələdiyyələrin statusu haqqında" Qanuna görə, yerli özünüidarəetmə orqanlarının vətəndaşın xüsusi mülkiyyətində olan torpaq barədə qərar vermək səlahiyyəti ümumiyyətlə yoxdur.
İndi ortada cavabsız qalan ciddi suallar var. Əgər Bilgəh bələdiyyəsi və İcra Nümayəndəliyi "Azərişıq" ASC-yə heç bir icazə, akt və ya müqavilə vermədiyini rəsmi möhürlü sənədlə təsdiqləyirsə, bəs "Azərişıq" 2009-cu ildə hansı "yerli icra orqanı" ilə razılaşma əldə edib?
Əgər belə bir sənəd həqiqətən mövcuddursa, niyə vətəndaşa təqdim edilmir? Yox, əgər mövcud deyilsə, dövlət qurumu vətəndaşa rəsmi məktubda niyə yanlış məlumat verib?
Vətəndaşın kupçalı, özəl torpaq sahəsinin zəbt olunmasına, orada ölümcül təhlükə mənbəyi olan yüksək gərginlikli xətlərin və transformatorun saxlanılmasına görə məsuliyyəti kim daşıyır?
Məsələ ilə bağlı qarşı tərəfin — "Azərişıq" ASC-nin mövqeyini dərc etməyə və ortada olduğu iddia edilən həmin "razılaşma sənədini" ictimaiyyətə təqdim etməyə hazırıq.