Bu dövlət müəssisələrinin ləğv olunması təklif edilir
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 872,0 mln. manat məbləğində nəzərdə tutulub, bu göstərici 2026-cı ilin proqnozu ilə müqayisədə 272,0 mln. manat və ya 45,3%, 2025-ci ilin icrası ilə müqayisədə isə 235,4 mln. manat və ya 37,0% çox olub.
Sitat.info xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Bildirilib ki, bu artım əsasən Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın tətbiqi və dövlət müəssisələrinin büdcəyə dividend ödəmək öhdəliyinin müəyyən edilməsi ilə əlaqədardır.
Sözügedən Fərmanın tətbiqi çərçivəsində 2027-ci ildə ARDNŞ üzrə 434,0 mln. manat, “Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə 175,0 mln. manat dividend proqnozlaşdırılır. Bununla yanaşı, ilk dəfə dividend ödəməsi nəzərdə tutulan təşkilatlar tərəfindən dövlət büdcəsinə 263,0 mln. manat daxilolma gözlənilir.
Dövlət büdcəsinin yükünün azaldılmasının və maliyyə intizamının gücləndirilməsinin davam etdirilməsi məqsədilə dividend ödənişləri etməyən dövlət müəssisələrinin, o cümlədən törəmə müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi, əsassız səbəbdən gəlir əldə edə bilməyənlərin və son illər ərzində rentabelsizliyi davam edənlərin optimallaşdırılması, struktur yenidənqurulması, ləğvi və ya özəlləşdirilməsi məsələlərinə baxılması məqsədəuyğundur.