“Zaur Kamalın efirdəki son davranışı ilə bağlı ölçü götürüləcək”.
Bunu Sfera.az-a açıqlamasında Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib. O, televiziyanın hər evə sirayət etdiyini və bu səbəbdən də televiziya mühiti üçün konkret standratların olduğunu deyib:
“Efirin öz şərtləri və mədəniyyəti var. Televiziya auditoriyaya ən çox nüfuz edən kommunikasiya vasitələrindən biridir. Bunları nəzərə alaraq efirin konkret standartları müəyyənləşib. Bu isə bizim qanunverici işlərlə tənzimlənir. Efirdə gedən verilişlərə nəzarət edən, monitorinq aparan Audiovizual Şura var. Şuranın işində isə son zamanlar kifayət qədər yeniliklər olub və görürük ki, təşkilat bütün televiziyaları diqqətlə monitorinq edib, adekvat addımlar atır”.
M.Ələsgərli Zaur Kamalın milli-mənəvi dəyərlərə zidd davranış sərgiləməməli olduğunu vurğulayıb:
“Hesab edirik ki, efirdə milli-mənəvi dəyərlərə, ictimai davranışlara zidd hərəkətlərə yol verilməsi yanlış addımdır. Bu kimi hallar sonradan insident yaradır və belə hallar başqaları tərəfindən də təkrarlana bilər. Odur ki, Zaur Kamalın davranışı ilə bağlı ölçü götürülməlidir. Audiovizual Şura bu məsələ ilə bağlı xəbərdaredici addımlar atacaq”.
Xatırladaq ki, “ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində proqramın aparıcısı Zaur Kamal və iranlı müğənni Afşin Azərin arasında mübahisə yaranıb. Mübahisə əsnasında aparıcı qonağı efirdən qovub.