Son günlər dünyada koronavirusa yoluxma hallarının artması karantin qaydalarının yenidən sərtləşdirilməsi mövzusunu gündəmə gətirib. Artıq bəzi ölkələr yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlər görməyə başlayıblar. İnfeksionistlər isə həyəcan təbili çalaraq bildirirlər ki, payıza doğru pandemiyanın yeni dalğası gələcək, bu səbəbdən qapanmalar qaçılmaz olacaq.
Bəs, yoluxmalar artsa, Azərbaycanda da karantin qaydalarının yenidən sərtləşdirilməsi gözlənilirmi?
Bu barədə Modern.az-a danışan həkim Aydın Əliyev hazırki durumda koronavirusa yoluxma sayının artmasının normal olduğunu düşünür. Ölkəmizə gəlincə, həkim təşvişə düşməyə ehtiyac olmadığını söyləyib.
“Məsələn, Çin böyük ölkədir, əhalinin sayı həddən artıqdır. Buna görə də orada peyvənd olunmayanların, virusa yoluxmayanların sayı çoxdur. Təkrar yoluxma sayının böyük ölkələrdə artma ehtimalı daha yüksəkdir. Ancaq bizim ölkəmizdə yoluxmanın artması aktual məsələ deyil. Artsa belə, bu sadəcə mövsümi qrip xəstəliyi kimi keçəcək. Məncə, bundan sonra karantın qaydalarının tətbiqinə və sərtləşdirilməsinə ehtiyac yoxdur. Tam əminliklə deyirəm ki, sərt karantin və qapanmaya ehtiyac olmayacaq”, - deyə Aydın Əliyev vurğulayıb.