Dərslər sentyabrın 1-də başlasın: "Əvvəlki qayda daha məntiqli idi"

11:28 11 İyul 2022

Məlum olduğu kimi, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Qərarının 2.3 - cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır. Növbəti il iyunun 14-də başa çatır. Əvvəllər isə tədris ili sentyabrın 1-i başlayıb, mayın sonu bitirdi. Bu da həm uşaqlar, həm də valideynlər üçün uğurlu sistem idi. Bəs yenidən dərslərin sentyabrın 1-i başlaması müzakirə predmetidirmi? Tədris ilinin iyun ayının ortasına kimi uzadılmasının nə kimi əhəmiyyəti var?

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov 2004-cü ilə qədər "Bilik günü"nün sentyabrın 1-nə təsadüf etdiyini bildirdi: "Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Ardınca edilən dəyişiklik ilə 2015-2016-cı tədris ilindən ümumtəhsil məktəblərində dərslər mayın 31-də yox, iyunun 14-də başa çatır”.

Təhsil eksperti qeyd etdi ki, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli lazımsız materialların sıxışdırılması yolu ilə həll etmək olar: "Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olanan iki həftə bərpa edilə bilər. Əgər beynəlxalq təcrübəni əsas götürürüksə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabara qədər davam edir.Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır".


Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində tədris ilinin başlanılması fərqli tarixlərdə olsa da, bir çoxunda 1 sentyabrda başlayır: ”Çində “Bilik bayram”ı iyulun 1-də qeyd olunur. Məktəblər  sentyabr ayının əvvəllərində bağlanır. Koreyada isə dərslər martda başlayır və dekabara qədər davam edir. Belçikada dərs ili sentyabrın 1-i başlayır və iyunun 30-na kimi davam edir. Çilidə isə ibtidai və orta məktəblər, ali təhsil müəssisələri fevralın sonları, yaxud martın əvvəllərində açılır. Yerli şagird və tələbələr təhsillərini dekabrın ortalarına kimi davam etdirirlər. Kosta-Rikada dərslər fevralın ilk həftəsində başlayır və noyabrın son həftəsinə qədər davam edir. Çexiyada “Bilik günü” 1 sentyabrda başlayır və 30 iyuna kimi davam edir. Danimarkanın ibtidai və orta təhsil müəssisələrində dərslər avqustda başlayıb,  növbəti ilin iyun ayına qədər uzanır. Estoniyada dərslər 1 sentyabrda başlayır və iyunun sonlarında başa çatır. Almaniyada hər inzibati bölgədə fərqli vaxtlarda tədris prosesi başlasa da, adətən, bu tarix iyulun sonları ilə sentybarın əvvəllərindən başlayıb iyunun ortalarına və iyula qədər davam edir. Macarıstanda dərs ili sentyabrın 1-dən iyunun 15-nə qədər davam edir. Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir. İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir. İsraildə 1 sentyabrda başlayan təhsil prosesi iyunun 20-nə qədər davam eləyir. İtaliyada məktəblər sentyabrın ilk 15 günlüyündə başlayır və iyunda başa çatır. Malayziyada ibtidai və orta məktəblər yanvarın əvvəllərində açılır və noyabrın ortalarına qədər fəaliyyət göstərir. Meksikada dərslər avqustun ortalarından növbəti ilin iyulun ortalarına qədər olan dövrü əhatə edir. Yeni Zellandiyada eyni təhsil dövrü 7 fevralda başlayıb 20 dekabra qədər uzanır. İngiltərə və Uelsdə dərs ili sentyabrın əvvəllərində başlayır və iyunun sonlarına qədər olur. Amma Böyük Britaniyanın digər subyekti Şotlandiyaya dərslər avqusutun ortalarında, yaxud sonlarında başlayıb növbəti il iyunun sonlarına və iyulun əvvəllərinə qədər davam edir. ABŞ-da da “Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblər “Bilik günü” sentyabr ayının ilk bazar ertəsi, yaxud cümə axşamına təsadüf edir. Amma ölkənin cənubunda dərslər iyulun sonları və avqustun əvvəllərindən başlayır. Standart tədris prosesi 42 həftəni əhatə edir və iyun ayının ilk bazar ertəsinə qədər davam edir. İyul-avqustda tədrisə qədər qoyan məktəblər isə mayın ilk bazar ertəsi dərslərə stop deyir".

Kamran Əsədov vurğuladı ki, dərslərin sentyabrın 15-dən başlaması tələsik atılmış addımdır: "Heç bir ölkədə dərs ili hər hansı ayın ortasından başlamır, ayın əvvəlindən başlayır. Bizdə də sovetlər vaxtında dərs ili sentyabrın 1-dən hesablanırdı və bu çox uğurlu seçim idi. Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq. Lakin bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Belə düşünürəm ki, bu qərar bir qədər tələsik atılmış addım idi. Düzdür, dünyada tədris ilinin uzun olması bütün ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu həm də kurrikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biridir. Avropa Birliyinə aid olan və dünyanın müasir, inkişaf etmiş ölkələrində tədris ili bizim tədris ilindən ən azı 4-6 həftə uzundur. Onlarda ümumtəhsil məktəblərində orta təhsilin müddəti də 12-13 il, hətta 14 il hesablanır. Tədrisin daha uzunmüddətli olması və daha çox təhsil inkişafa yönəlmiş addımlardan biridir. Burada ancaq müsbət cəhətləri görmək mümkündür”.

Təhsil eksperti bildirdi ki,  bizim təqvimdə çoxlu sayda bayram tətilləri və qeyri-iş günləri olduğundan bu, orta məktəblərdə tədris planının tam şəkildə həyata keçirilməsinə mane olur: "Mövzuların birləşməsi, yazı işləri və onlar üzərində səhvlərin təhlili işinin aparılmaması, yekun dərslərin keçirilməməsi kimi məsələlər şagirdin biliyinin obyektiv qiymətləndirilməsinə təsir edən amillərdəndir. Lakin son 5-6 ilə baxanda görürük ki, dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimlərin, həm də şagirdlərin vaxtını alır. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. Apardığım sorğuda iştirak edən şagirdlər qeyd edir ki,  məktəbdə oxuyarkən tədris ilinin sonuna yaxın yalnız istirahət haqqında fikirləşirlər. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur. Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilməz”.

Kamran Əsədov açıqlamasında  dərs ilinin əvvəlki qaydada olmasının  daha məntiqəuyğun olduğunu qeyd etdi: ”İyun ayı məktəblilərin yay tətili üçün nəzərdə tutulub. Belə isti havada şagirdlərin dərsə getməsi sağlamlıq cəhətdən də əlavə problemlər yarada bilər. Belə ki, istidə yorğun, halsız uşaqlar bir də məktəbdə əlavə olaraq yüklənirlər. Bu isə onların səhhətinə yaxşı təsir göstərməyə bilər. Fikrimcə, dərs ili əvvəlki qaydada olsa, daha məqsədəuyğun olar. Bu, uşaqlardan əlavə, valideynlər üçün də artıq problemdir. İyunda övladını məktəbə aparıb-gətirmək onlar üçün də çətin və zəhmətlidir. Çünki bu ayda artıq bir çoxları istirahət və tətil planları qurur”.

Təhsil eksperti bildirdi ki, vaxtı 14 gün uzatmaqla nəyəsə nail olmaq mümkün deyil: "Bu addımın təhsilin inkişafına faydalı olacağını düşünmürəm. Əksinə, bunun lazımsız bir qayda olduğunu fikirləşirəm. İndiyə kimi dərslərin may ayında bitməsinin hansısa mənfi tərəfini görməmişdik. İndi belə bir qərarın verilməsinin və onun icrasının tamamilə yersiz və vaxt aparan bir şey olduğunu fikirləşirəm. Bunun valideynlər üçün daha çox ziyanı var. Çünki əlavə olaraq iki həftə də məktəb xərclərini ödəmək heç də yaxşı hal deyil. İyun ayı məktəblilərin həvəslə gözlədiyi tətil ayıdır. Havaların bu qədər isti olduğu bir vaxtda heç kim əlavə olaraq iki həftə də dərsə getmək istəməz”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti