"Naxçıvan sakinləri Türkiyə ilə sərhədin bağlı olmasından əziyyət çəkir" - Elyar İslamoğlu

15:20 11 İyul 2022

Dünyanın əksər ölkələrində koronavirus , karantin və sair məsələlər artıq gündəmdən çıxıb, sərhədlər açılıb, insanlar normal həyatına davam edir. Azərbaycanda isə bəzi karantin qaydaları yumşaldılsa da, quru sərhədlər hələ də açılmayıb. 

Hökumət hesab edir ki, bu çox ciddi problem deyil, quru sərhəd bağlıdırsa vətəndaşlar hava nəqliyyatı ilə, təyyarə ilə uça bilərlər. Amma  məsələ göründüyü qədər bəsit deyil. Üstəgəl, Naxçıvan istiqamətində Türkiyə ilə quru sərhəddin bağlanması problemi daha da dərinləşdirdi.  

Məsələ ilə bağlı SİTAT.İNFO -ya danışan gənc alim Elyar İslamoğlu bildirdi ki, bu təkcə nəqliyyat məsələsi deyil: "Quru sərhədləri bağlananda, Naaxçıvan sərhədi açıq olduğu üçün Bakı-Naxçıvan təyyarə reyslərinin sıxlığı müşahidə olunurdu. Gürcüstandan quru yolla Türkiyəyə, Biləsuvar və Astaradan İrana gedə bilməyən şəxslər Bakıdan təyyarə ilə Naxçıvana gedərək oradan Türkiyə və İrana gedirdilər. Bu marşrutu seçən sərnişinlərə yol xərci Türkiyəyə təyyarə ilə getməkdən qat-qat ucuz başa gəlirdi. Çünki hal-hazırda təyyarə biletləri çox bahadır, tələbələr, xəstəsi olanlar, yaxın qohumlarını ziyarət etmək istəyən şəxslər bundan əziyyət çəkir, bahalı bileti ala bilmirlər".

E.İslamoğlu vurğuladı ki, hal-hazırda Naxçıvan-Türkiyə quru yolunun bağlanması Naxçıvandan Türkiyəyə işləmək üçün gedən yüzlərlə vətəndaşın əziyyət çəkməsinə səbəb olur: "Naxçıvan blokadada olduğu üçün orada yaşayanlar Türkiyəyə gedərək ucuz ərzaq, geyim də ala bilirdi. Ağır xəstəsi olanlar, paytaxtda xəstəliyinin çarəsi tapılmayan, yaxud da çox baha müalicə və müayinəyə pulu çatmayanlar da Türkiyəyə ucuz müalicə üçün quru yolla gedirdilər. Quru sərhədin bağlanması Türkiyəyə müalicə üçün gedənlər üçün də problemlər yaratdı. Ümumiyyətlə quru sərhədlərin bağlanması ölkə vətəndaşlarının həm ailə büdcəsinə, həm də səhhətinə, dolanışığına mənfi təsir edir".



Xəbər xətti