Ərdoğan Tehranda iranlı həmkarı Rəisi ilə görüşdü: Nələr müzakirə edilir?

10:29 19 İyul 2022

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisinin dəvəti ilə paytaxt Tehranda səfərdədir.  

SİTAT.İNFO xəbər verir ki, iranlı həmkarı ilə görüşmək üçün gəldiyi Sadabad sarayında rəsmi mərasimlə qarşılanan Ərdoğan ikitərəfli görüşə başlayıb.

Prezident Ərdoğan Tehran görüşləri çərçivəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə görüşəcək. Ərdoğan daha sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə İran prezidentinin ev sahibliyi ilə Astana formatında keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Toplantısı və VII Üçtərəfli Zirvə toplantısına qatılacaq.

Astana formatında keçirilən sammitdə Suriyada baş verənlər, regionun təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, xüsusilə PKK/YPG və DEAŞ ilə mübarizə, siyasi həll səyləri, humanitar vəziyyət və suriyalıların öz ölkələrinə könüllü qayıtması müzakirə olunacaq. Ərdoğan rusiyalı həmkarı Putinlə də ikitərəfli görüş keçirəcək.
Ərdoğanı səfər zamanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi  Akar, Sənaye və Texnologiya naziri Mustafa Varank və Ticarət naziri Mehmet Muş müşayiət edir.

Səid İsaoğlu,

SİTAT.İNFO

 



Xəbər xətti