Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin 92 Ukrayna əsgərinin “insanlığa qarşı cinayətlər”ə görə mühakimə olunduğunu açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, Rusiyanın “Rossiiskaya qazeta” qəzetinə danışan Bastrıkin 96 Ukrayna əsgərinin də axtarışda olduğunu bildirib. Bu əsgərlərdən 51-nin komandir rütbəsində olduğunu qeyd edən komitə sədri, “Ukrayna əsgərləri haqqında 1300-dən çox istintaq işi açılıb” - dedi.
Bastrıkin həmçinin Ukrayna Səhiyyə Nazirliyinin əməkdaşlarını “kütləvi qırğın silahları hazırlamaqda” ittiham edib, lakin bu iddiaya heç bir sübut təqdim etməyib. Ukrayna hələlik ittihamlarla bağlı açıqlama verməyib.
Bastrıkin həmçinin Ukraynada törədilən cinayətlərin araşdırılması üçün Rusiyanın müttəfiqləri Boliviya, İran və Suriya tərəfindən dəstəklənəcək beynəlxalq tribunalın yaradılmasını təklif edib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın Ukraynada törətdiyi iddia edilən hərbi cinayətləri hələ də araşdırır. Rusiya Ukraynada hərbi cinayətlər və mülki əhalinin hədəf alınması ilə bağlı iddiaları rədd edir.
Ukrayna isə Rusiyanın işğalının başladığı 24 fevraldan bu yana Rusiya ordusu tərəfindən törədildiyini iddia etdiyi 21 mindən çox hərbi cinayəti araşdırdığını açıqlayıb.
Ləman,
SİTAT.İNFO