“Ali təhsil önəmlidir, amma hər şey demək deyil” - Psixoloq intiharla bağlı danışdı

16:52 27 İyul 2022

Abituriyentlərin ali təhsil müəssisələrinə qəbul mərhələsi başa çatıb. İmtahan sessiyasında yüksək bal toplayan gənclərimizin olması sevindirici haldır. Digər tərəfdən də istədikləri nəticəni göstərə bilməyən gənclərə valideyn təzyiqinin olması məyusedici vəziyyətdir. 
Valideyn təzyiqi, stress, psixoloji gərginlik və s. tez-tez intihar xəbərlərinin yayılmasına gətirib çıxarır.  
Bu istiqamətdə hansı işlər görülməlidir? Ali təhsil almamaq hər şeyin sonudurmu? Valideynlərin və gənclərin mövzu ilə bağlı hansı maarifləndirmə tədbirlərinə ehtiyacı var? 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən klinik psixoloq Gülşən Rüstəmova bildirdi ki, bu çox ağrılı bir mövzudur və son zamanlarda tez-tez rast gəlirik:  “Uşaqlarının ali təhsil müəssisələrinə daxil olması ailələrdə sanki xüsusi bir status yaradır. Həmin statuslarla valideynlərdə özlərini bir pillə yüksək hiss etmək arzusu var. 
Valideynlərin kütləvi şəkildə belə düşüncədə olması, sanki bəhsə girirmiş kimi ali təhsil müəsisələrinə qəbul olunma, balların çox yığılması ilə bağlı uşaqlara göstərilən təziqin qarşısını almaq lazmdır. 
Psixoloji cəhətdən valideynin sıxıntıları, öz həyatı ilə barışıq olmaması, bu statusa çatan zaman ömrünün ən gözəl çağı başlayacaqmış kimi rəftarı təəssüf ki, tez-tez rast gəlinən hallardır”.


Psixoloqun fikrincə, bunun qarşısını almaq üçün inanclarımızı dəyişməliyik: "Mənəvi cəhətimizə yönəlməliyik. Duyğularımızın meydana çıxmasına icazə verməliyik. Bu 1-5 günün prosesi deyil, çünki insanların inanclarını dəyişməsinə uzun zaman lazımdır. İnsanın hansı məntiqə söykəndiyini təyin etmək lazımdır.
Bu da tək psixoloqların işi deyil, dövlət marağı da mütləqdir. Efirlərdə, KİV-də, sosial şəbəkələrdə imkan etdiyimiz qədər bir şüara çevirməliyik ki, "ali təhsil önəmlidir, amma hər şey demək deyil". İnsanlar ilkin mərhələdə buna inanmalı və buna inanaraq davranmalıdırlar”.
 
 
Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti