Pensiya kapitalının vərəsələrə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən danışıb.
Nazir qeyd edib ki, Azərbaycanda sığorta-pensiya sistemi həmrəylik prinsipi əsasında fəaliyyət göstərir:
"Yəni bu gün istənilən şəxsin ödədiyi sığorta haqqı 1.1 milyon əmək pensiyaçısının pensiyasının maliyyələşdirilməsinə yönəlir.
Dövlət Sosial Müdafiə Fondunun pensiya xərclərinin məbləği artıq aylıq əsasda 600 milyon manata çatıb. Yəni ay ərzində İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti ilə birlikdə topladığımız sosial sığorta haqları elə həmin ayda pensiyaçıların pensiyasının ödənilməsinə yönəlir.
Qeyd etməliyik ki, "Əmək pensiyaları haqqında" Qanunun 14.1. maddəsinə əsasən, vəfat etmiş ailə başçısının ailə üzvlərinin ailə başçısı itirməyə görə əmək pensiyası hüququ var. Yəni bu da qanunda təsbit olunmuş bir məsələdir".