70 il deyiblər ki, Rusiyadan yapışaq, yoxsa türklər bizi yeyəcək - Simonyan  

70 il deyiblər ki, Rusiyadan yapışaq, yoxsa türklər bizi yeyəcək - Simonyan  
Dünya 07 Noyabr 2026 15:42

Ermənistanın uşaqlarına miras olaraq qisas deyil, sülh qoyub getmək və müharibənin qarşısını almaq ölkənin təhlükəsizliyinin ən mühüm təminatlarından biridir.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Dünya Erməni Sammitində Ermənistanın özünü gücləndirməyə diqqət yetirmək əvəzinə, Türkiyə ilə münasibətləri normallaşdırmağa nə üçün çalışdığı barədə suala cavab verərkən bildirib.

Simonyanın sözlərinə görə, Ermənistana ölkəyə qarşı istənilən hücumu düşmən üçün son dərəcə ağrılı edəcək güclü ordu lazımdır.

“Düşünürəm ki, elə bir ordumuz olmalıdır ki, Ermənistan Respublikasına hücum düşmən üçün o qədər ağrılı olsun ki, o, buna heç cəhd etməsin. Lakin məsələyə daha dərindən baxsaq, düşünürəm ki, ümumiyyətlə, bir-birimizlə müharibə etməyimizə səbəb olmaması üçün çalışmalıyıq.

Bəs biz türklərlə nə üçün müharibə etməliyik? Əgər onlar bizə hücum etmək istəsələr, güclənməyə vaxtımız olmayacaq. 70 il ərzində bizə təlqin edilən – Rusiyadan yapışmalıyıq, əks halda türklər bizi yeyəcəklər – yalanının reallıqla heç bir əlaqəsi yoxdur”, – deyə Simonyan bildirib.

Simonyan TRIPP layihəsinin əhəmiyyətinə də toxunaraq vurğulayıb ki, sülhün mühüm təzahürlərindən biri ticarət və ortaq maraqların formalaşmasıdır.

“Sülhün əsas təzahürlərindən biri ticarət və ortaq maraqların mövcudluğudur. TRIPP sülhün ən yaxşı təzahürlərindən biridir. Onun təhlükəsizlik sahəsində də əhəmiyyəti var.

TRIPP Ermənistan-Amerika iqtisadi layihəsidir. Bu gün ABŞ və İran arasında faktiki olaraq müharibə gedərkən, layihə İran sərhədindən təxminən 15 metr məsafədən keçəcək.

Mən onun rolunu və əhəmiyyətini yalnız bizim nöqteyi-nəzərimizdən deyil, ABŞ, İran və bütün regionun qlobal kontekstində nəzərdən keçirmək istəyirəm.

TRIPP-in rolunu və əhəmiyyətini lazımi səviyyədə qiymətləndirməmək yaxşı heç nəyə gətirib çıxarmayacaq. Bu, iqtisadi və diplomatik layihə, sülh alətidir. O, həm də iqtisadi baxımdan təminatdır”, – deyə Alen Simonyan fikrini yekunlaşdırıb.