Xəbər verdiyimiz kimi, bölgədəki qanunsuz erməni silahlıları Suqovuşandan hərəkət edən Azərbaycan hərbi kalonunun qarşını kəsərək hərbçilərimizi Kəlbəcərə buraxmayıb.
Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Xəbərə görə, əraziyə gələn Rusiya Federasiyasının sülhməramlı kontingentinin danışıqları da heç bir nəticə verməyib.
Hərbi texnikanın bir qismi yenidən geri Suqovuşana qayıdıb.
İddia olunur ki, 1 həftə öncə də eyni hal baş verib və tikinti materialları aparan Azərbaycan kalonu bölgədəki qanunsuz erməni hərbçiləri tərəfindən Kəlbəcərə buraxmamışdı.
Bu məsələ sosial şəbəkələrdə geniş etiraza səbəb olub.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan Ağ Partiya sədri Tural Abbaslı da bildirdi ki, bu sülhməramlıların erməni separatçılarını dəstəkləməsinin nəticəsidir: "Ağdərədə bizim hərbi kolonun qarşısını kəsib onların Kəlbəcərə getməsinə imkan verməyiblər. Rus sülhməramlıları isə buna biganə qalıb. Bu sülhməramlıların öz işini yerinə yetirməməsinin bariz nümunəsidir. Eyni zamanda oradakı Artsax terror qruplaşmasına rus sülhməramlılarının himayədarlığının, dəstəyinin göstəricisidir. Bu separatçılar rusların dəstəyindən o qədər ruhlanıblar ki, artıq Azərbaycan ordusuna özünün suveren ərazisində hərəkət etməyinə imkan vermirlər. Bu təkcə oradakı Artsax adlanan və başında Araik Artunyanın durduğu terrorçu qruplaşmanın özfəaliyyəti deyil, bu Moskvadan gələn təlimatdır. Məqsəd Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasıdır".
T.Abbaslı bildirdi ki, bunun qarşısı qətiyyətlə, birmənalı şəkildə alınmalıdır: "Burada rus sülhməramlıların işi Azərbaycan hərbi kalonlarına nəzarət etmək deyil. Onlar sadəcə erməni əsilli Azərbaycan vətəndaşları ilə digər millətlərdən olan Azərbaycan vətəndaşları arasındakı mümkün qarşını almaq üçün buradadırlar. Onların işi Azərbaycan ordusuna qarşı təxribat törədənlərə yardım etmək deyil. Belə olan halda bizim ordunun nümayəndələri yolu kəsən terror qruplaşmasını ya məhv eləməliydilər, ya da həbs etməliydilər. Buna müdaxilə edərdilərsə, rus sülhməramlılarının da cavabı verilməliydi. Təkcə hərbi baxımdan yox, diplomatik baxımdan da cavab verilməlidir. Birmənalı olaraq Rusiyaya nota göndərilməlidir. Onların buradakı səhlənkarlıq edən hərbi nümayəndələri geri çağrılmalı, barələrində cinayət işi açılmalı, dünya ictimaiyyətinə də bununla bağlı Azərbaycanın mövqeyi göstərilməlidir".
1988-ci ilin ssenariləri təkrarlanır. O zaman da Qarabağda Azərbaycan maşınlarının yolunu kəsirdilər, daş-qalaq edirdilər. Yenə eyni yolu gedirlər. Biz tarixin təkrarlanmasına imkan verməməliyik. Azərbaycan Ordusunun qətiyyəti göstərilməlidir, dəmir yumruq işə düşməlidir. Bu yumruğun altında istər İvan olsun, İstər Aşot, istərsə də Araik olsun. Azərbayca dövlətinin suverenliyini, ərazi bütövlüyünü şübhə altına alan istənilən hərəkətin qarşısı qətiyyətlə alınmalıdır. Burada qətiyyətsizlik gələcəkdə daha böyük problemlərə, faciələrə gətirib çıxara bilər. Mən Azərbaycan ordusundan, iqtidarından qətiyyətli addımlar gözləyirəm və tələb edirəm.