ABŞ-dan Rusiyaya bir təyyarə dolusu dollar gətirildi: İlginc səbəb...

10:22 18 Fevral 2022

Rusiya ilə ABŞ arasında Ukrayna zəminində gərginlik davam edərkən, Rusiya bankları ABŞ-dakı hesablarından nağd pul çıxarıblar.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının statistikasına görə, ölkəyə bir təyyarə dolusu Amerika dolları gətirilib.

Təkcə ötən ilin dekabrında Rusiyaya köçürülən nağd pulun məbləği 4 milyard 970 milyon dollar təşkil edib.

Səbəb də Qərb ölkələrinin beynəlxalq pul köçürmələri sistemi SWIFT-ə girişi əngəlləyəcəyindən doğan narahatlıqdır.

Rusiya mətbuatı özəl bankların xaricdəki aktivlərini girov qoyaraq ABŞ Federal Ehtiyat Sisteminə bu məbləği sifariş etdiyini yazıb.

Valyutanın 100 dollarlıq əskinas şəklində daşındığını nəzərə alsaq, göndərilən pulun ümumi çəkisi 50 ton hesablanıb. Bu çəkidə bir yükü daşımaq üçün nəhəng yük təyyarəsi lazımdır. Rusiya özəl bankları 2014-cü ildə Krımın işğalı zamanı da analoji şəkildə nağd pul ehtiyatı saxlayıb və həmin ilin mart-dekabr dövründə ölkəyə gətirilən nağd pulun həcmi 19 milyard dollar olub.

Digər tərəfdən, Qərblə Moskva arasında ittihamlar davam edir. ABŞ faktiki olaraq, rusların qoşunları geri çəkmədiyini və işğal təhlükəsinin davam etdiyini desə də, Moskva bu iddiaları “isteriya” adlandırıb və “geri çəkilmənin vaxt tələb etdiyini” deyib. ABŞ prezidenti Co Bayden deyib ki, işğal ehtimalı hələ də çox yüksəkdir: "Mən hiss edirəm ki, bu, yaxın bir neçə gün ərzində baş verəcək". O, Rusiya lideri Putinlə bir daha danışmaq fikrində olmadığını bildirib.

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Rusiya işğala haqq qazandırmaq üçün Ukraynanı “saxta dron hücumu”nda və hətta “kimyəvi hücumda” ittiham edə bilər. Blinken paytaxt Kiyevin Rusiyanın işğalçı hədəfləri arasında olduğunu bildirib. Moskva Vaşinqtonun təhlükəsizlik təkliflərinə cavabını ABŞ-ın Moskvadakı səfiri Con Sallivana çatdırıb.

Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada belə deyilir: “ABŞ-dan Mərkəzi və Şərqi Avropadan bütün raketləri geri çəkməsi tələb olunub. Əgər Birləşmiş Ştatlar təhlükəsizliyimizin hüquqi təminatları ilə bağlı razılığa gəlməyə hazır olmasa, biz hərbi-texniki tədbirləri həyata keçirməli olacağıq”.

Bu arada Rusiya,  ABŞ-ın Moskvadakı səfirliyində çalışan müşavir Bart Qormanı ölkədən çıxardığını açıqlayıb. Ötən gün çoxs ciddi gərginlik müşahidə olunub.  Rusiya mediası Ukrayna artilleriyasının Donbasdakı separatçılara atəş açdığını iddia edib. Ukrayna ordusu isə Rusiyanın dəstəklədiyi qüvvələrin Luqanskda bir uşaq bağçasını top mərmiləri ilə hədəfə aldığını açıqlayıb. Hadisə nəticəsində iki mülki şəxs yaralanıb.

Ukrayna lideri Vladimir Zelenski insidenti  “Rusiyanın təxribatı” kimi dəyərləndirib, ATƏT-in atəşkəs rejiminə nəzarətə cavabdeh olan təmas qrupu isə hər iki tərəfin pozuntulara yol verdiyini bildirib.

SİTAT.İNFO



Xəbər xətti