Rusiya ilə Ukrayna arasındakı gərginlik davam edir. Dünən Rusiya və Ukraynadan verilən iki açıqlama diqqət çəkir.
Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, qarşı tərəflə danışıqlara hazırdır: "Biz sülhün bərqərar olması naminə Rusiya ilə istənilən formada danışıqlara hazırıq. Rusiya danışıqlara hazır olduğunu dedikdən sona biz onlardan bu görüşün baş tutmasını xahiş edirik. Əslində onlar bizimlə ünsiyyətə hazır deyillər. Bunu istəmirlər. Biz isə dediyim kimi, bunu istəyirik”.
Maraqlıdır ki, Kreml danışıqları istəmədiyini etiraf edib. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib: "Kiyev dəfələrlə Moskvaya Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməyi təklif edib. Lakin Rusiya tərəfinin danışıqların gündəliyi ilə bağlı sualı var. Kiyev bizim sadə bir sualımıza cavab vermir. Bu görüş niyə, hansı məqsədlə olmalıdır? Deyirik ki, Donbasdan başqa hansı mövzuda sualınız varsa, verin. Susurlar”, - Kremlin sözçüsü söyləyib.
D.Peskov bildirib ki, Moskva ilə Kiyev arasında ən yüksək səviyyədə təmaslar hələlik real görünmür. Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən Dmitri Peskov diplomatik həll yoluna üstünlük verdiklərini əvvəllər dəfələrlə deyiblər. Elə isə maraqlıdır, bu dəfə dialoqa mənfi reaksiyaları nəyə hesablanıb? Məsələ ondan ibarətdir ki, Moskva da, Kiyev də müharibə istəmir. Hər iki tərəfi maraqlandıran sadəcə öz ambisiyalarıdır. Rusiya onsuz da Ukrayna torpaqlarını işğal edib. Doğrudanmı Kremlin yenə də işğal niyyəti var? Əgər belədirsə, deməli, o, bütün təhlükələri nəzərə alıb.
Amma daha real variant budur: Kreml Ukraynanın NATO- ya üzv olacağından narahatdır. Elə buna görə də süni şəkildə gərginlik yaradır, Ukraynaya mane olmaq istəyir. Çünki mövcud nizamnaməyə görə torpaqlarında hərbi əməliyyatlar hökm sürən ölkə NATO üzvü ola bilməz. Rusiyanın niyyəti Ukraynanın NATO-ya üzvlüyünə mane olmaqdır. Odur ki, Moskva Kiyevdən daha qəti bəyanatlar, o cümlədən sözügedən quruma üzvlükdən imtina ilə bağlı vəd istəyir. Peskovun "Görüş niyə, hansı məqsədlə olmalıdır?" sualıdı da bu baxımdan izah edilməlidir. Çox güman, yaxın vaxtlarda rusiyalı müxtəlif rəsmilər Ukraynadan konkret vədlər tələb edəcəklər. Bunun Peskovun və ya Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dilindən səslənməsi də istisna deyil. Moskva çalışacaq ki, Kiyev mümkün olduğu qədər çox onun maraqlarına xidmət edən addımlar atsın, sözlər versin. Ola bilsin, rus qoşunlarının sərhəddən geri çəkilməsi ilə bağlı yayılan xəbərlər də Ukraynanın "daşı ətəyindən tökməsinə" hesablanıb. Bəlkə də, Rusiya bir növ xoş niyyətini göstərmək istəyir. Çünki hərbi təzyiqin nəticə verməyəcəyini, əksinə, beləliklə, müharibə ssenarisinin daha da yaxınlaşdığını bilir. NATO baş katibi Yents Stolberq bu günlərdə deyib ki, NATO- ya üzv olub- olmamaq barədə qərar Ukraynanın özündən asılıdır. Şübhəsiz, bu, həm də Rusiyaya mesaj idi. Yəqin ki, Qərb də Ukraynanın NATO- ya üzv olmaması qarşılığında Rusiyadan nələrsə gözləyir. Hər halda Kreml Kiyevi yolundan döndərmək istəyirsə, bunun qarşılığında nə isə etməlidir. Və, yəqin ki, bu gözlənti təkcə qoşunu sərhəddən çəkmək deyil...
Kənan Novruzov
SİTAT.İNFO