Hazırda Neft Fondunun daşınmaz əmlak portfeli 500-dən çox müxtəlif tipli daşınmaz əmlak obyektindən ibarətdir.
Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.
Bildirilib ki, 2015-ci ildən etibarən daha çox diversifikasiyaya nail olmaq və xarici bazarlarda fəaliyyət göstərən daşınmaz əmlak şirkətlərinin təcrübəsindən yararlanmaq məqsədilə daşınmaz əmlak investisiyalarının fondlar və müştərək investisiyalar vasitəsilə də həyata keçirilməsi qərarı verilib:
“Daşınmaz əmlak portfelinin böyük hissəsi birbaşa investisiyalar yox, məhz müştərək və fondlar vasitəsilə investisiya edilib ki, 2021-ci ildə bu seqmentlərin daşınmaz əmlak portfelində payı müvafiq olaraq 14 faiz və 59 faiz, gəlirlilikləri isə müvafiq olaraq 6,7 faiz və 17 faiz təşkil edib”.
Əlavə edilib ki, daşınmaz əmlak bazarının ümumi vəziyyəti və bazarda cərəyan edən trendlər nəzərə alınaraq hər ilin sonunda Neft Fondunun daşınmaz əmlaka investisiyaları ilə bağlı strategiyası yenilənərək təsdiqlənir:
“2022-ci il üçün nəzərdə tutulan strategiyaya əsasən, Neft Fondu tərəfindən Şimali Amerika, Avropa və Asiyanın inkişaf etmiş daşınmaz əmlak bazarlarında ofis, sənaye, yaşayış və alternativ tipli daşınmaz əmlak obyektlərinə fondlar və müştərək investisiyalar vasitəsilə yatırımların həyata keçirilməsi nəzərdə tutulur”.
Fond tərəfindən qeyd edilib ki, hər hansı bir aktivin gələcəkdə satışı ilə bağlı xüsusi gözləntilər yoxdur, lakin əlverişli təkliflərin əldə edildiyi təqdirdə sözügedən təkliflər ARDNF tərəfindən ətraflı təhlil ediləcək.