Putinin yeni humanitar siyasət konsepsiyasında nələr var?

14:03 6 Sentyabr 2022

"Rusiya prezidenti Vladimir Putin humanitar siyasət konsepsiyasını təsdiq edib. Konsepsiyaya əsasən xarici ölkələrdə Rusiyanın mədəniyyəti, tarixi və dilinin təbliği dövlət siyasətinin tərkib hissəsinə çevriləcək. Bu fəaliyyət Kremlin birbaşa nəzarətində olacaq. Kremldən açıqlayıblar ki, konsepsiya indiki sərt sanksiyalar fonunda Qərb ölkələrində həyata keçirilməyəcək. Deməli, diqqət daha çox Rusiyaya qonşu ölkələrə yönələcək. Konsepsiyanın əsas məqsədi kimi “Rusiyanın xaricdə obyektiv qavrayışını formalaşdırmaq” göstərilib. Maraqlıdır, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və ətrafdakı separatçılara verdiyi dəstək fonunda hansı “obyektiv qavrayışdan” danışmaq olar?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, təbliğat obyektiv olmayacaq: "Məsələn, Ukrayna mövzusunda ya danışmaq istəməyəcəklər, ya da deyəcəklər ki, “Rusiya Ukraynada rus dünyasını qorumağa çalışır”. Putinin təsdiq etdiyi konsepsiyada ayrı bənd kimi xarici ölkələrdə rus dilinin mövqelərinin möhkəmləndirilməsi vacibliyi göstərilib. Azərbaycan kimi ölkələrdə buna ehtiyac yoxdur. Rus dilinin məmləkətimizdə mövqeləri o qədər möhkəmdir ki, bir sıra ailələrdə ana dilini əvəz edib. Konsepsiyaya əsasən xarici ölkələrdə rus dilində olimpiadaların keçirilməsi, rus ədəbiyyatının və tarixinin öyrənilməsinin gücləndirlməsi yer alıb. Bu o deməkdir ki, Rusiyanın müxtəlif ölkələrdəki səfirlikləri yeni konsepiyanın yerinə yetirilməsi üçün çalışmalarını gücləndirəcəklər".

Politoloqun sözlərinə görə, bu konsepsiyada başqa dövlətlərin işlərinə müdaxilə anlamına gələn bəndlər də var: "Konsepsiyada İkinci Dünya Müharibəsinə aid belə bir bənd var: “Rusiya xarici ölkələrdə İkinci Dünya və Böyük Vətən müharibəsinin qələbə qazanmasında sovet xalqının rolunu azaltmağa çalışma səylərinin qarşısını almalıdır”. Bu bənd birbaşa Rusiyanın başqa dövlətlərin daxili işlərinə qarışmasıdır. Mən Stalini Hitlerlə bir tuturam, hər ikisi xalqları əzən diktator olub, İkinci Dünya müharibəsi zamanı Varşavada alman faşistlərinə qarşışı qiyam qalxdı, polşalılar kömək gözlədilər, ancaq çayın o biri sahilində qətliamı izləyən SSRİ qoşunları gözləmə mövqeyində dayandılar. Belə çıxır ki, Rusiyanın humanitar siyasət konsepsiyasına görə öz ölkəmdə mənim kimi düşünənləri hədəf alacaqlar. Konsepsiyada separatçıları da unutmayıblar: “Rusiya Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə yanaşı Abxaziya, Cənubi Osetiya, Donetsk və Luqansk Respublikaları ilə də ikitərəfli əlaqələrin genişləndirməlidir”. Göründüyü kimi, bu Rusiyanı dünyada tanıtmaq üçün xoşniyyətli konsepsiya deyil. Əsas məqsədi Kremlin planlarını və düşüncə tərzini konsepsiya yolu ilə müxtəlif dövlətlərə zorla qəbul etdirməkdir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti