"Amerika ilə Rusiya sülh sənədini Ukraynaya qəbul etdirməyə çalışır, lakin bu baş verməyəcək. Artıq Ukrayna silahlı qüvvələri xəbərdarlıq bəyanatını səsləndirib ki, hətta Zelenski Donbası Rusiyaya verməklə razılaşsa belə, onlar bu əmri yerinə yetirməyəcəklər. Ukraynada bu qərarı verə biləcək səlahiyyətli bir şəxs olduğunu düşünmürəm".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, hər şey beynəlxalq hüquqa uyğun olmalıdır: "Bundan başqa Ukrayna Konstitusiyası da buna icazə vermir. Referendum keçirilməlidir, Ukrayna xalqının fikri nəzərə alınmalıdır. Ona görə də, Ukrayna bu sənədi heç bir halda qəbul etməyəcək. Rusiya iddia edir ki, guya onların bu plandan xəbəri olmayıb. Halbuki Putinin də, Lavrovun da son açıqlamaları ondan xəbər verir ki, bu sənəd məhz Moskvada hazırlanıb, Amerika isə sadəcə olaraq onu gündəmə gətirdi".
Ekspert hesab edir ki, müharibə tezliklə bitməyəcək: "Mən müharibənin hələ uzun aylar davam edəcəyini düşünürəm, çünki Rusiyanın müharibəni bitirmək fikri yoxdur. Hər iki tərəf yorulub, amma konkret olaraq Rusiya müharibəni bütün itkilərə rəğmən davam etdirmək arzusundadır. Hansısa bir kəndin və ya qəsəbənin ələ keçirilməsi onları daha da şirnikləndirir.
Mən Rusiyanın qalib gələcəyini düşünmürəm. Ukrayna Rusiyanın dərinliklərinə zərbələri artıracaq. Bu gün Dağıstana endirilən zərbə endirdi, orada Rusiya Müdafiə Nazirliyinin hərbi dəniz qüvvələri və donanması yerləşir. Hazırda müharibə Rusiyanın dərinliklərinə qədər irəliləyib. Rusiya acizlikdən bəyanatlar verir ki, sona qədər gedəcəyik. Onlar Amerikanın xeyir-duası ilə tutduqları ərazilərdə möhkəmlənmək istəyirlər. Ancaq Ukrayna təslimçi şərtləri qəbul etməyəcək".
Ü.Cəfərov vurğuladı ki, Tramp və Putinin Zelenskini hakimiyyətdən göndərmək cəhdləri də nəticəsiz qalacaq: " Müharibə bitmədikcə seçkilərin keçirilməsi mümkün deyil. Zelenskinin istefa verəcəyi ilə bağlı iddialar da əsassızdır. Avropanın qorxaq liderləri onun arxasında durmasa da, Ukrayna xalqı onu dəstəkləyir. Maliyyə dəstəyi olsa, qalan məsələləri xalq öz gücü ilə həll edəcək. İtkilər və dağıntılar çoxdur, ancaq Ukrayna xalqı və ordusu Rusiyaya müqavimət göstərməyi bacarır. Buna görə də, müharibənin yaxın vaxtlarda və Rusiyanın maraqlarına uyğun şəkildə yekunlaşacağını gözləmirəm".
Gülxar,
Sitat.info