Yaşayış minimumu 1 ay yaşamağa yetirmi? ŞƏRH

17:25 6 Sentyabr 2022

Ölkədə müxtəlif daxili və xarici iqtisadi faktorların təsiri ilə sürətli bahalaşma getməkdədir. Ən zəruri gündəlik tələbat məhsulları bahalaşdığı üçün artıq yaşayış minimumu və minimum istehlak səbəti də tələblərə cavab vermir. Bəs bu anlayışların strukturu  və inqdiqatorlar dəyişməlidirmi?

SİTAT.İNFO-ya açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov vurğuladı ki, qiymətlərin artması yaşayış minimumu və minimum istehlak zənbili ilə bağlı hazırki göstəricilərin işləkliyini aşağı salır: "Minimum istehlak səbəti və yaşayış minimumu adlanan indiqator hər il təsdiqlənir. Minimum istehlak səbətinin strukturu isə sonuncu dəfə 2009-cu ildə təsdiqlənib. Onun dəyişdirilməsi zəruridir, çünki dövr dəyişdikcə tələblər dəyişir. İstehlak səbətində keyfiyyət dəyişikliyinin edilməsinə də ehtiyac var. Hökumət hələ ki, bu məsələyə baxmır".

İqtisadçı vurğuladı ki, yaşayış minimumunun həddi ilə bağlı indiqatorlar isə hər il, ildə bir dəfə olmaqla yaşlılar üçün, uşaqlar üçün, işləyən və işləməyənlər üçün təsdiqlənir: "Əlbəttə ki, qiymətlərin artması bu göstəricilərin işləkliyini aşağı salır. Onsuz da bu indiqatorlar real vəziyyətlə uyğunlaşmır. Əlavə olaraq, sürətli inflyasiya aradakı fərqi bir qədər də dərinləşdirir. 2023-cü ilin dövlət büdcəsinə baxış prosesində bu indiqatorların həm keyfiyyət, həm də kəmiyyət baxımından dəyişdirilməsi zərurəti yaransın. Yaxşı olar ki, hökumət burada real inflyasiyanı və müasir tələbləri, ehtiyac strukturunun dəyişdiyini də nəzərə almalıdır, ehtiyac səbətinin strukturunu təkmilləşdirərək, real vəziyyətə uyğun indiqatorlarla 2023-cü ilə keçsin".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti