Bütün dünyada qlobal ərzaq böhranına hazırlıq gedir. Dünyanın müxtəlif dövlətlərində anti-böhran proqramları hazırlanır. Bəs hazırki durumda idxaldan asılı olan bir dövlət kimi Azərbaycan hansı effektli və qısamüddətli böhran proqramı icra edə bilər?
SİTAT.İNFO-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan özünü ərzaq məhsulları ilə təmin edə bilmədiyinə görə, ən yaxşı yol istehsalın artması olardı: "İstehsal müəssiələrinin sayı, əkin sahələrinin genişləndirilməsi yaxşı olar. Ancaq uzun illərdir bununla bağlı ciddi irəliləyişə nail olmaq mümkün olmayıb. Qlobal böhranla bağlı hazırda tez zamanda effekt verəcək, hökumətin görə biləcəyi ən yaxşı iş vergi və gömrük rüsumları ilə bağlı güzəştlər ola bilər. Biz uzun müddətdir bununla bağlı təkliflər vermişik, ancaq hələ hökumətdən cavab gəlməyib. İlk növbədə ərzaq məhsullarına tətbiq olunan ƏDV-ni 18 faizdən 2 faizə salmaq olar. Bu 16 faizlik azalma həm iş adamlarına, həm də vətəndaşlar üçün böyük bir dəstəkdir. Həm ölkəyə mal gətirilməsini stimullaşdıracaq, həm də rəqabətin yaranmasına və qiymətlərin azalmasına gətirib çıxaracaq".
N.Cəfərlinin sözlərinə görə, digər bir məsələ gömrük rüsumları ilə bağlıdır: "Ölkədə istehsalı olmayan dərman preparatları və ərzaq məhsullarının gömrük rüsumlarını ən azı 1 illik sıfırlamaq lazımdır. Bu bazarda müəyyən dəngənin yaranmasına, ərzaq böhranından sığortalanmağa da səbəb olacaq. Çünki ölkəyə məhsul gətirilməsi üçün stimul olacaq. Bu da bazarda qıtlığın aradan qalxmasına, dəngənin yaranmasına, hətta qiymətlərin aşağı düşməsinə də səbəb ola bilər".
Nigar,
SİTAT.İNFO