45-50 yaşdan sonra iş tapmaq çətinləşir: Vətəndaş 20 il necə dolansın?

09:11 8 Sentyabr 2022

Azərbaycanda pensiya yaşı həm kişilər, həm qadınlar üçün hədd 65 yaş müəyyən edilib və tədricən, hər il 6 ay olmaqla pensiya yaşı artırılır. Lakin vətəndaşlar iş axtararkən, qanunvericiliklə əmək qabiliyyətli sayılsalar belə,  45-50 yaşdan sonra iş tapmaqda çətinlik çəkirlər. Bəs bu zaman vətəndaş pensiya yaşına qədərki 15-20 ili necə yaşamalı, necə dolanmalı, himayəsində olanlara necə baxmalıdır?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov vurğuladı ki, həqiqətən 45-50 yaşdan sonra iş tapmaq müşkülə çevrilir: "Bu doğrudan da ciddi problemdir. Amma bir tərəfdən biz bazar iqtisadiyyatının tərəfindəyik. Deyirik ki, bazar iqtisadiyyatıdır, kimə ehtiyac var, kimə ehtiyac yoxdur, bunu  bazar iqtisadiyyatı müəyyən edir. 

Digər tərəfdən də əlbəttə ki, dövlətin bu sahədə sosial siyasəti var.  Vətəndaşlar gedib işsiz kimi qeydiyyata dura bilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vətəndaşlara işlər təklif edir. Bundan başqa bir yol yoxdur.  Sadəcə o işlər xeyli halda vətəndaşı qane etmir. İşlərin ixtisaslarına uyğun olmadığını, başqa sözləri bəhanə gətirərək etiraz edirlər. Təəssüf ki, Azərbaycanda təhsilin, elmin rolu zəif olduğu üçün insanlar demək olar ki, təhsil almır. Vətəndaşlar öz işlədiyi müddət ərzində biliklərini artırmırlar. Ona görə 40 yaşından sonra işsiz qaldıqda iş tapmaq xeyli çətin olur. Bir sıra hallarda təqsir insanların özlərindədir ki, öz üzərilərində çalışmırlar".

Ə.Həsənov önəmli bir məsələyə diqqət çəkdi: "Bazar iqtisadiyyatından danışırqsa, vətəndaşda bilik, səriştə, qabiliyyət, bacarıqlar yoxdursa, deməli o heç kimə lazım deyil. Həm də  işə götürənlərdə bu psixologiya var ki, əgər sən bu yaşda heç kimə lazım deyilsənsə, mənə niyə lazımsan ki? Birinci növbədə insanlar öz üzərilərində çalışmalıdırlar. Sadəcə diplom üçün oxumamalıdırlar. Konkret olaraq hər kəsin əlində peşəsi olmalıdır".

Dövlətə gəldikdə isə, iqtisadçı vurğuladı ki,  dövlət bu halda əmək birjasında vətəndaşlara işlər təklif edir, vətəndaş da o işlərlə razı olmur: "Bu faktiki o deməkdir ki, həmin insan işçi kimi  bazara uyğun deyil. Bir məsələni də xatırladım ki, 90-cı illərin əvvəllərində insanlar ümumiyyətlə iş tapmırdılar. Vətəndaş aylıq 100 azn olsa belə razı idi ki, iş tapıb ailəsini dolandırsın. İndi belə işlər var, amma insanlar razılaşmır. Çünkü, ötən illər ərzində neft pulları hesabına insanlarımızın vəziyyəti yaxşılaşdı. İndi o səviyyəli işlərə razı deyillər. Burada ya bazar iqtisadiyyatını saxlamalıyıq, və ona uyğun hərəkət etməliyik. Ya da keçmiş SSRİ sisteminə qayıtmalıyıq. Hər təşkilat, zavod, fabrik, kənd təsərrüfatındakı kolxozlar  hamıya minimal maaşla iş verirdi.. Bu problemin başqa həlli yoxdur".
 

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti