Son günlər dünyanın siyasi gündəmi Ukrayna və Rusiya arasında yaşanan gərginliyə yönəlib. Proseslərin təhlükəli həddə çatdığı məqamda bir çox ölkələr öz vətəndaşlarına Ukraynanı tərk etməyi tapşırıb.
Son məlumatlara görə, 40-a yaxın dövlət Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını dərhal buradan çıxmağa çağırıb. Bu siyahıda Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya, Litva və digərlərini görmək olar.
Ukrayna ətrafında yaşanan gərginliklər fonunda Azərbaycan vətəndaşlarının bu ölkədən çıxarılması məsələsi sual doğurmaya bilməz. Rusiyanın Ukraynaya mümkün hücum ehtimalı Azərbaycanda da geniş müzakirə mövzusuna çevrilib. Bu mənada bəzi siyasi şərhçilər və ekspertlər hesab edirlər ki, Azərbaycan tərəfi Ukraynaya dəstək məqsədilə öz vətəndaşlarını bu ölkədən geri çağırmamalıdır.
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Modern.az-a eksklüziv açıqlamasında soydaşlarımızın Ukraynadan geri çağırılıb-çağırılmaycağı məsələsinə aydınlıq gətirib.
Səfir bildirib ki diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan onlara təlimat gəlməyib.
“Biz tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və Mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda ölkənin diplomatları ölkəni tərk edib və ya müvəqqəti olaraq Ukraynanın qərb hissəsinə köçürülüb. Böyük hissə, həmçinin Rusiya səfirliyi adi qaydada öz işini davam edir. Hələlik həyəcana ehtiyac duyulmur.
Bizə müraciət edən vətəndaşlarımıza deyirik ki, hava və digər nəqliyyat üçün yollar açıqdır, narahatlıq hissi keçirirlərsə, könüllü olaraq adi qaydada ölkədən çıxa bilərlər. Həmçinin Türkiyə səfirliyindən aldığımız məlumata əsasən qeyd etmək istərdik ki, insanların narahatlığı nəzərə alınaraq, “Türk Hava Yolları” aviaşirkəti Xarkov şəhərindən İstanbula əlavə iki aviareys açıb”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, səfir Elmira Axundovanın geniş müsahibəsi yaxın vaxtlarda Modern.az saytında dərc olunacaq./oxu.az