"Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları bumerang effekti verməyə başlayıb. Hazırda həmin sanksiyalar Rusiya ilə paralel olaraq, Avropa dövlətlərini də vurur. Və bu, yaxın aylarda Avropa məkanında yalnız enerji deyil, həm də maliyyə-iqtisadi və sosial-siyasi böhranı daha da dərinləşdirə bilər".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, böyük ehtimalla Avropa məkanında temperatur aşağı düşdükcə, sosial-siyasi etirazlar da güclənməyə başlayacaq: " Bəzi Avropa ölkələrində əhaliyə qənaət modeli təbliğ və təlqin edilir. Ancaq avropalılar qənaətə vərdiş etməyiblər. Rahat və firavan həyata vərdişli avropalıların qənaət modelinə uyacaqları o qədər də inandırıcı görünmür.
Əslində, Avropa məkanında narazılıq artıq indidən özünü göstərməyə başlayıb. Bəzi ölkələrdə, xüsusilə də, Çexiya, Böyük Britaniya və Almaniyada əhali kütləvi etiraz aksiyaları keçirməyə başlayıb. Şaxtalı qış yaxınlaşdıqca, kütləvi etiraz dalğası daha da güclənəcək. Avropa məkanında sosial-siyasi böhranın hakimiyyət böhranına qədər inkişaf edə biləcəyi qətiyyən istisna deyil. Əgər, Avropa dövlətləri mövcud situasiyanın mümkün nəticələrini yumşalda biləcək addımlar ata bilməsələr, yəqin ki, "qoca qitə"də iğtişaşlar, istefalar, hakimiyyət dəyişiklikləri və s. müşahidə edəcəyik".
E.Xalidbəyli vurğuladı ki, Rusiya da hazırda bu varianta ümid bəsləyir: "Ona görə də, Kreml Avropaya təbii qaz nəqlini dayandırıb. Rusiya təbii qazdan sosial-siyasi silah kimi istifadə edərək, Avropa məkanında vəziyyəti daha da gərginləşdirməyə, "xaos diktaturası" yaratmağa çalışır. Buna nail olarsa, Rusiyanın Ukrayna savaşının dayandırılması üzrə sülh danışıqlarında öz şərtlərini diqtə etmək şansı qazana bilər. Ancaq Avropada iğtişaşlar baş versə belə, Rusiyanın ümidləri boşa çıxa bilər. Çünki, Rusiyaya qarşı "proxy war" modeli ilə savaş açan Avropa dövlətləri deyil, ABŞ başda olmaqla, anqlosakslardır".
Politoloq qeyd etdi ki, ABŞ həm özü Ukraynaya hərbi yardımları davam etdirəcək, həm də Avropa Birliyini buna məcbur edəcək: "ABŞ-ın Ukrayna savaşını uzatmaq planı hələlik dəyişməyib. Ağ Ev savaşı uzatmaqla, həm Rusiyanı, həm də ABŞ-ın maraqlarına problemlər yaradan Avropa Birliyini çökdürməyə çalışır. Yeni dünya düzənində ABŞ-ın şəriksiz hegemonluğunu təmin etmək baxımından, indiki mərhələdə Ağ Ev üçün bu, əsas hədəflərdən biridir.
Bütün bunları nəzərə aldıqda, Rusiyaya vəziyyəti öz xeyrinə dəyişmək şansı veriləcəyi qətiyyən inandırıcı görünmür. Ukraynaya verilən və ötən əsrin 80-ci illərinə aid "HİMARS" sistemləri artıq öz təsirini göstərir. Onu da nəzərə almaq lazımdır ki, Ukraynaya bu silahdan cəmisi 16 ədəd verilib və "dünyanın ikinci ən güclü ordusu" artıq aciz duruma düşüb. Yaxın vaxtlarda Ukraynaya daha müasir silahlar da verilə bilər. Rusiya ordusu isə silah-sursat qıtlığı yaşamaqla yanaşı, öz çöküş dövrünü yaşayır".
E.Xalidbəyli diqqətə çatdırdı ki, belə davam edərsə, Rusiyada hakimiyyət dəyişikliyi qaçılmaz ola bilər: " Prezident Vladimir Putin və Rusiyanın hərbi-siyasi elitası arasında artıq müəyyən problemlərin yaranmaqda olduğu barədə də məlumatlar mövcuddur. Böyük ehtimalla prezident Vladimir Putin ya istefaya məcbur ediləcək, ya da devriləcək.
Ona görə də, yaxın gələcəkdə Rusiya özünün imperiya modelini itirə bilər. Ümumiyyətlə, bütün dünya Rusiyanın çökməsinə və keçmiş SSRİ kimi, parçalanmasına hazır olmalıdır. Əks halda, bu hadisənin baş verməsi də dünya üçün yeni fəlakət mənbəyinə çevrilə bilər".
Ləman,
SİTAT.İNFO