Sərdar Cəlaloğludan Çingiz Qənizadəyə cavab: "Avtoritar, demokratiyadan uzaq..."

19:15 20 Fevral 2022

"TIR sürücüləri barəsində inzibati tədbir görülməsi absurddur. Çingiz Qənizadənin fikirləri avtoritar bir təfəkkürün məhsuludur. Demokratiya və insan hüquqlarından uzaq bir mövqedir"

Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu  SİTAT.İNFO-ya açıqlamasında bildirib.

"Əgər bir ölkədə vətəndaşların haqlı tələblərinə qulaq asan bir dövlət orqanı yoxdursa, o zaman vətəndaşlar məcburdurlar və tamamilə haqlıdırlar ki, öz problemlərini ictimaiyyətlə bölüşsünlər. Bunun da yollarından biri ictimaiyyət üçün müəyyən bir narahatçılıq yaradan halları yaratmaqdır ki, camaat problemlərinin nədən ibarət  olduqlarını bilsin.
Yolu bağlayan TIR sürücüləri barəsində inzibati tədbir görülməsi absurddur. Əslində onların etiraz etdiyi adamlar barəsində tədbir görməlidirlər. Burda vətəndaşlar qeyri-qanuni münasibətlərə məruz qalıb, aidiyyatı orqan öz vəzifəsini yerinə yetirməyib. Hətta sürücülərin yolu bağlaması kimlərəsə və yaxud dövlətə ziyan dəyibsə, Azərbaycan Konstitusiyasına görə, dövlət məmurlarının günahları ucbatından dəyən ziyanı da dövlət ödəməlidir. Dövlət o vətəndaşlara lazım olan kompensasiyanı ödəməlidir".


Sərdar Cəlaloğlu hüquq müdafiəçisi Çingiz Qənizadənin "TIR sürücülərinin üzr istəməsi kifayət deyil" fikirlərinə də münasibət bildirib:"
"Çingiz Qənizadənin fikirləri avtoritar bir təfəkkürün məhsuludur. Demokratiya və insan hüquqlarından uzaq bir mövqedir. Çox təəssüf ki, Azərbaycanda özünü hüquqşünas adlandıran, insan hüquqlarını müdafiə edən şəxs kimi təqdim eliyən adamlar cəza verilməsinə, insanların incidilməsinə daha çox üstünlük verirlər. Halbuki, insanlar nə qədər ağır cinayət edirsə, cəmiyyət bağışlayan olmalıdır. Sürücülər əsassız yerə yolu bağlamayıblar. Onlar dövlət orqanlarından heç bir yardım ala bilmədiyinə gorə öz problemlərini ictimailəşdirməyə cəhd göstəriblər, bu da normaldır və demokratik bir prosedurdur. Bütün ölkələrdə bu cür demokratik prosedurlar var. Çingiz Qənizadə avtoritar, inzibati cəza sisteminin nümayəndəsi kimi çıxış edir".

Banu Salman,
Sitat.info

 



Xəbər xətti