"İmam Hüseyn məzhəbindən asılı olmayaraq Azərbaycan xalqı üçün əziz şəxsiyyətdir" - Hacı Şahin Həsənli

15:53 15 Sentyabr 2022

"İmam Hüseyn (ə) Azərbaycan xalqı üçün əziz bir şəxsiyyətdir. Özü də məzhəbindən asılı olmayaraq. Kərbəla mövzusu ayırıcı yox, birləşdirici mövzudur. Bunu hamımız birdəfəlik bilməliyik. Kimsə bu mövzudan istifadə edib təxribat edirsə, ayrı-seçkilik salırsa, bilməliyik ki, bu İmam Hüseyn (ə)-ın məramına ziddir".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri ilahiyyatçı, QMİ-nin rəsmi nümayəndəsi Hacı Şahin Həsənli Real TV-nin efirində şəhidlərin dəfn mərasimində dini şüarların səsləndirilməsi ilə bağlı müzakirələrə rəy bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanda yas mərasimlarində, əsasən də şəhid dəfnlərində Kərbəla hadisələrinin yad edilməsi adətdir: "Bir çox bölgələrdə mən bunu görmüşəm. Belə bir ənənə var - gənc bir insan dünyasını dəyişəndə İmam Hüseyn yad olunur. Bu bizdə adət kimi hər zaman olub. Fərqli məzhəblərin yaşadığı bölgələrdə şəxsən görmüşəm. Bu bizim adətimizdir və heç bir xarici dövlətlə əlaqəsi yoxdur. Bu Azərbaycan xalqının ənənəsidir. Xüsusilə də şəhidlik mövzusu gələndə, İmam Hüseyn (ə) yad olunur. Çünki O, şəhidlər sərvəridir".

Hacı Şahin Həsənli vurğuladı ki, dini ayinlər şəhidlərimizin dəfn mərasimində tam şəkildə icra olunur: "Mən özüm şəxsən iştirak edirəm. Müdafiə Nazirliyinin əməkdaşları özü buna şərait yaradır. İnsanları sıraya düzürlər, cənazə namazları bir çox hallarda Şəhidlər Xiyabanında qılınır. Bu kimi ayinlər də keçirilir".

İlahiyyatçı onu da diqqətə çatdırdı ki, əsas məsələlərdən biri hər şeyin yerində olmasına diqqət etməkdir: "Şəhid valideyninin, şəhidin ailəsinin razılığı ilə olsun. Kadrlarda biz görürük ki, şəhid anası “İmam  Hüseynə qurban olum, buna bir narazılığımız yoxdur” -deyib. Hər şey parallel şəkildə uzlaşmalıdır".

QMİ rəsmisi hesab edir ki, dini şüarlarla milli şüarlar qarşı-qarşıya qoyulmamalıdır: " Azərbaycan xalqına ən böyük xəyanət bu olar ki, dini dəyərlərimizi milli dəyərlərimizlə toqquşduraq. Bu çox yanlış bir istiqamətdir. Bizim bayrağımızda da bu əksini tapıb. Bizim milli -mənəvi dəyərlərimizdə həm milli, həm dini dəyərlər var. Bunlar o qədər yaxınlaşır ki, bəzən arada sərhəd itir. Sadəcə ayıq-sayıq olmalıyıq ki, kimlərsə hansısa şüarlardan sui-istifadə etməsin. Şəhid dəfnləri xalqın vəhdət yeridir. Xalq orada birlik nümayiş etdirir, bunu qorumalıyıq, kimlərinsə sui-istifadəsinə yol verməməliyik. Bəzən də yersiz həssaslıq nümayiş olunur. Kimsə yazır ki, filan ölkə buranı işğal edib. Elə bir şey yoxdur, buranı kimsə işğal etməyib. Azərbaycanın özünəməxsus dilini-milli kimliyi var və bu dəfn mərasimlərində də təzahür olunur. Dəfnlərdə vaxt məhdudiyyəti olur. Dini ayinləri din xadimləri idarə edir, bundan başqa bayraq təqdimatı da olur. Hər şey mərasimin ümumi gedişatına xələl gətirməmək şərtilə həyata keçirilməlidir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti