"Sentyabrın 8-i Avropa Mərkəzi Bankı (AMB) 9%-i keçən rekord inflyasiya ilə mübarizə aparmaq məqsədilə indiyə qədərki ən böyük faiz artımını reallaşdırdı. İyul ayında 11 illik fasilədən sonra ilk dəfə faizləri artıran AMB ötən günlərdə əlavə 0.75 bəndlə yenidən maliyyələşdirmə dərəcəsini 1.25%-ə, depozit dərəcəsini 0.75%-ə, marjinal maliyyələşdirmə dərəcəsini isə 1.50%-ə yüksəldib. Beləliklə, bank 1999-cu ildə Avropa ümumi valyutasının dövriyyəyə buraxılmasından sonra ən yüksək faiz artımını həyata keçirib".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Pünhan Musayev deyib.
Onun sözlərinə görə, AMB-nin belə bir qərar verməsinə səbəb isə yüksələn xətlə hərəkət edən inflyasiya olub:
"Belə ki Avrozonada inflyasiya avqust ayında Mərkəzi Bankın 2 faizlik hədəfindən xeyli yuxarı olan 9.1 % rekord səviyyəsinə çatıb. İstehlak qiymətlərinin yeni zirvələrə çatmasına əsas səbəb isə təbii ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra enerji qiymətlərindəki yüksək artımların ev təsərrüfatları büdcəsinə təzyiq göstərməsi olmuşdur".
P.Musayevin sözlərinə gör, Avropa Mərkəzi Bankı rəsmilərinin daha da aqressiv monetar sərtləşdirmə tələbi ilə çıxış etməsi həm də son vaxtlar dollara nəzərən partitet səviyyənin altına düşən avronun bir qədər dəyər qazanmasına yardımçı olub: " Sonuncu mətbuat konfransında sədr Christine Lagarde bildirib ki, inflyasiyanın uzun müddət ərzində hədəf göstəricinin üzərində qalacağına dair narahatlıqlar Mərkəzi Bankı qarşıdakı bir neçə iclasda da faiz dərəcələrini artırmağa məcbur edəcək.
Enerji qiymətlərinin yüksək olaraq qalacağını qeyd edən Lagarde, iqtisadiyyatın bu ilin qalan hissəsində əhəmiyyətli dərəcədə yavaşlaması ilə bağlı da xəbərdarlıq edib. Qeyd edək ki, yüksək inflyasiya təzyiqi ilə üzbəüz qalan AMB həmçinin inflyasiyanın bu ilin sonunda 8.1, gələn il 5.5 və 2024-cü ildə 2.3 faiz təşkil edəcəyini gözləyir".
Nərgiz,
SİTAT.İNFO