Paytaxtın Nizami rayonunda yerləşən Rüstəm Rüstəmov küçəsi 48 ünvanında yerləşən mənzillərdən birində dəhşətli qətl hadisəsi baş verib.
Qatil evə daxil olaraq ana ilə yanaşı onun övladlarının boğazını kəsərək qətlə yetirib.
1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində az öncə saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev SİTAT.İNFO-a verdiyi məlumatda cinayətin tamah məqsədiylə törədildiyini bildirib. Qeyd edib ki, qətli törədən şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
Musavat.com-un videoreportajında hadisə şahidlərinin ifadələri diqqət çəkir.
Qeyd edək ki, ilkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev təxminən 2007-ci ildən 2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb. O Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb./musavat .com