"Şimal və cənub sərhədlərimizdəki rejimlər dərin böhrana girib. Digər böyük qonşumuz və bizə hər mənada ən yaxın dövlət olan Türkiyə də böhrandadır.
Lakin İran və Rusiyadan fərqli olaraq, Türkiyədə seçki başda olmaqla, demokratik institutlar pis-yaxşı işlədiyi üçün orada destabilizasiya yaranmır və əhali bərbad idarəçiliklə qutuda hesablaşmağı gözləyir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.
Onun sözlərinə görə, demokratik, dünyəvi, sosial hüquq dövlətinin qurulması hər bir cəmiyyət üçün əhəmiyyətlidir: "Hərdən bizi qınayanlar olur ki, niyə hər şeyi demokratiya-avtoritarizm prizmasından (yaxud dilimizə daxil olmuş moda təbirlə desək, bu "narrativ"lə) izah edirsiniz?
Ola bilsin, həqiqətən demokratiyanı ideallaşdırmaqda və bu yöndən apardığımız müqayisələrdə, təhlillərdə bəzən ifrata varırıq və qüsurlara yol veririk. Amma bunu ona görə edirik ki, demokratik, dünyəvi, sosial hüquq dövlətinin Azərbaycan üçün nə qədər həyati dərəcədə vacib olduğunu şüurlara yeridək. Bu, taleyüklü (ekzistensial) bir məsələdir. Demokratik, sosial hüquq dövləti bərqərar olmasa, insanların gələcəyə ümidi cücərməsə, gənclər ilk fürsətdə vətəni tərk etməyi ağıllarından çıxarmasalar, kəskin sosial bərabərsizlik aradan qaldırılmasa, Azərbaycanın inkişafı mümkün olmayacaq".
Politoloq İranda baş verən hadisələrə də toxunub: "Elə bilirsiniz təbrizli qardaşlarımız "Azadlıq, Ədalət, Milli hökumət" şüarını sırf yaxşı qafiyələndiyi üçün qışqırırlar? Onlar (və əksər İran əhalisi) bu dəyərlərin önəmini çox yaxşı qavrayırlar. Azadlıq insanın hava və su kimi zəruri ehtiyacıdır - ədalətli cəmiyyət və ümumi qəbul olunmuş qanunlar qarşısında bərabərlik (qanunun hamı üçün aliliyi) də o cümlədən. Bəşər tarixi bu ehtiyacların təmin olunması uğrunda mübarizələrdən ibarətdir".
Ş.Cəfərlinin fikrincə, Azərbaycan Respublikası vətəndaşlarının da azadlığa və ədalətə ehtiyacı var: "Tarix kitabları bizə öyrədir ki, bu ehtiyacların təmin edilməsi yuxarıdan həyata keçirilməyəndə gec də olsa, aşağıdan gerçəkləşdirilir ki, bu da bir çox arzuolunmaz təbəddülatları özü ilə gətirir. Tarixdən və bu gün ətrafımızda baş verənlərdən nəticə çıxarmaq lazımdır".
Ləman,
SİTAT.İNFO