"İranın və Rusiyanın mövcud hakimiyyətləri siyasi dalana dirənib. Bunun da başlıca səbəbi odur ki, İranda da, Rusiyada da heç vaxt demokratiya, azad cəmiyyət havası əsmədi. Bu ölkələrdə ancaq irtica, işğal və cahillik küləyinin əsdiyinin şahidiyik. Məsələ burasındadır ki, bu ölkələr bizimlə böyük sərhədi olan qonşularımızdır. Məhz elə buna görə Azərbaycan dövlətinin geosiyasi vəziyyəti hər zaman ölkənin istər xarici, istər daxili siyasətinin müəyyənləşməsində rol oynayıb.
Xüsusən iki dost olmayan və bir düşmən olan qonşu ölkələrdə baş verənlər birbaşa və ya dolayısı ilə bizə də təsir edir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında son günlər region ölkələrində baş verən daxili prosesləri dəyərləndirən AY Partiya başqanı Anar Əsədli deyib.
Onun sözlərinə görə, son aylar və ələlxüsus son günlər Rusiya və İrandakı hadisələrin inkişafı dünyadakı düzənin fərqli reysə girdiyini göstərir: "Mehza adlı bir xanımın zorakılıq nəticəsində həyatını itirməsi son illər İranda toplanmış nifrət və hiddəti meydanlara tökdü. Heç şübhəsiz, bir çox dövlətin marağında olan çaxnaşmalar Cənubi Azərbaycana və həmçinin Azərbaycan dövlətinin xarici siyasətinə necə təsir edəcəyi bizi düşündürməyə bilməz".
A.Əsədli bildirdi ki, İran qaynayır və uğrunda neçə Şəhid verdiyimiz Zəngəzur dəhlizinin əsas əleyhdarlarından biri məhz İrandır: "İranda inqilab baş verəcəkmi? İllərdi Tehran və digər böyük şəhərlərdə çaxnaşmalar oldu, lakin bu dəyişikiklərə səbəb olmadı. Deməli, analiz edərkən olanları diqqətlə izləməli və tələsik nəticə çıxartmamalıyıq. Deyək devrim baş tutdu. İranda siyasi hakimiyyət dəyişərsə, bu, Cənub qonşumuzun xarici siyasi kursunu dəyişməsinə əsas verəcəkmi? Bu dəyişikliklər baş tutsa, hansı qüvvələr hakimiyyətə gələ bilər və ya dəqiq desək, hansı qüvvənin təsirində olan qrup? Qərbyönlümü ya Şanxay Birliyinə meyilli qrup?".
Partiya sədri diqqətə çatdırıb ki, bu suallara cavab axtarakən Şanxay Birliyinin əsas üzvü Rusiyada vəziyyət proqnazlaşdırıldığı kimi aşağı istiqamətdə sürətlə dəyişir: "Putin qismən səfərbərlik elan etməklə rəsmən "3 günlük qələbə" anonsunun fiaskosunu etiraf etmiş oldu. "Biz Ukraynaya qarşı deyil, Qərbə qarşı savaşırıq" deməsi isə məğlubiyyətin acı nəticəsinin bəhanəsi kimi səslənir. Bəlkə, Qərbin pulu, siyasi dəstəyi və silahı Ukraynadadır, lakin faktiki olaraq Ukraynada təkcə Ukrayna ordusudur. Və dünyanın nəhəngi uduzur. Bu məğlubiyyətin səbəblərini dəfələrlə açıqlamışıq. Bu səbəblərə həm avtoritar rejimlərə məxsus yersiz özgüvən, illərdi apardığı antidemokratik və işğalçı siyasətə Qərbin göz yumması, iqtisadi amillər və s. aiddir. Lakin bugün əsl sual budur: Uduzduqca azğınlaşan Rusiya nə qədər təhlükəlidir? Qarabağ və Zəngəzur düyününü çözməyə çalışan Azərbaycan üçün yıxılan ayının altında qalıb əzilməmək üçün hansı operativ və çevik addımlar tələb olunur?"
Partiya sədrinin sözlərinə görə, baş verənlərdən sonra Azərbaycanın Rusiyanın təsirindən xilas olması da sürətlənəcək: "Nə şiş yansın, nə kabab" deyən ölkə kimi Azərbaycan illərdir tərəf seçməsə də, Qərbin də xeyir-duası ilə Rusiyanın təsiri altından çıxa bilmirdi. Son illərin bu təsirdən çıxmaq çabaları isə sürətlə dəyişən geosiyasi rakusda ümidverici görünür. O ki qaldı Rusiyanın nüvə silahı təbiqinə, bu, heç zaman olmayacaq. Çünki bu tətbiqə qarşı ABŞ və NATO tərəfindən necə bir cavab veriləcəyi Putinə də Rusiyanın səssiz qalan, ancaq təsir gücü olan digər hərbi siyasi şəxslərinə də bəllidir. Nə Amerika, nə də Avropa heç bir zaman imkan verməz ki, uduzmaqda olan və çökən bir ölkə yenidən revanş götürüb, dünyada diktə edən bir ölkəyə çevrilsin. Hə, uduzarkən Ukraynaya deyil, Qərbə uduzmaq Rusiya üçün daha məqbul seçim ola bilər. Amma bu, Rusiyanın seçimi ilə olmur".
Rusiyadakı vəziyyətə gəlincə, A.Əsədli hesab edir ki, səfərbərlik elanı isə cəmiyyətdə çox ciddi çalxalanmalar yaradacaq: "Ölkənin olan-qalan resursunun da tükənməsinə gətirib Səfərbərlik elanı isə cəmiyyətdə çox ciddi çalxalanmalar yaradacaq. Ölkənin olan-qalan resursunun da tükənməsinə gətirib çıxaracaq. Azərbaycan həm şimal, həm cənub qonşusu olan ölkələrdə baş verənlərə əsas müttəffiqi Türkiyəylə birgə mövqe sərgiləməlidir. Bu mövqe Orta Asiyanı, Qara dəniz bölgəsini və Qafqazı əhatə edəcək gələcək strateji hədəflərə doğru fundamental əsas olmalıdır".
Nərgiz,
SİTAT.İNFO