Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada qismən səfərbərliyin elan olunmasına münasibət bildirib. O, bu barədə jurnalistlərin sualını cavablandırıb. Baş diplomat bildirib ki, Rusiyadakı qismən səfərbərlik müharibəni daha da uzada bilər: "Qismən səfərbərlik hər ölkənin öz haqqıdır. Səbəb davam edən müharibədir. Bizim səylərimiz Ukrayna və Rusiya liderlərini görüşdürüb, savaşa ən qısa vaxtda son verməkdir”, - o bildirib.
Çavuşoğlu, həmçinin deyib ki, savaşın ən qısa vaxtda başa çatması üçün təkcə Rusiya və Ukrayna ilə deyil, Qərblə də danışıqlara ehtiyac var. Çünki bəzi dövlətlər müharibənin uzanmasında maraqlıdır.
Bəs bu səfərbərlik Rusiya üçün nə deməkdir?
SİTAT.İNFO-ya açıqlamasında mövcud durumu dəyərləndirən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Rusiyada elan olunan qismən səfərbərlik Ukraynadakı uğursuzluğun təzahürüdür: "Görünür, Kremldən verilən açıqlamalardan fərqli olaraq, heç də hər şey plan üzrə getmir. Necə deyərlər, daş qayaya rast gəlib. İkinci bir tərəfdən, bu qərar Rusiyanın müharibəni uzatmaq niyyətində olduğunu göstərir. Çavuşoğlu da məhz buna işarə edib. Əlbəttə, ola bilsin ki, savaşın davam etməsi Moskvanın ürəyincə deyil. Çünki itkilər var. Sanksiyalar isə artıq öz təsirini göstərməkdədir. Buna baxmayaraq, Rusiya savaşı davam etdirməyə məcburdur".
K.Novruzov vurğuladı ki, bir sıra Qərb ölkələri, o cümlədən ABŞ Ukraynanı silahlandırmaqla sülhə mane olurlar: "Bir çox ekspertin fikrincə, hələ fevral ayında Rusiya Ukraynaya hücum edərkən Qərbin tələsinə düşmüşdü. Çünki savaş ərəfəsində Qərb ölkələri NATO- nun Rusiya sərhədlərinə doğru genişlənməsi məsələsini gündəmə gətirmişdilər. Beləliklə, rəsmi Moskva Kiyev üzərinə hücuma təhrik edilmişdi. Bəzi analitiklər düşünür ki, Rusiya qismən səfərbərlik elan etməklə növbəti dəfə Qərbin "əlinə oynadı". Çünki ABŞ və müttəfiqlərinin istədiyi məhz budur: savaşın uzun çəkməsi. Təsadüfi deyil ki, Çavuşoğlu dünənki çıxışı zamanı sülh üçün həm də Qərb ölkələri ilə müzakirələrə ehtiyac olduğunu söyləmişdi. Doğrudan da, hazırkı durum göstərir ki, müharibənin idarə olunması təkcə tərəflərdən - Moskva və Kiyevdən asılı deyil".
Siyasi şərhçi diqqətə çatdırdı ki, əgər Qərb istəsə və çalışsa, bəlkə də, bir həftə ərzində bu və ya digər formada müharibəyə son qoyula bilər: "Lakin istəmir. Çünki savaş yolu ilə həm Rusiyanı zəiflədir, həm də slavyan xalqlarına sağalmaz yara vurur. Qismən səfərbərliyin elan olunması durumun daha da gərginləşməsi, müharibənin uzanması, Rusiya və Ukrayna liderlərinin bir araya gəlmə ehtimalının azalması deməkdir. Türkiyə indiyədək tərəflər arasında uğurlu vasitəçilik edib. "Taxıl sazişi", əsirlərin mübadiləsi bunun təzahürüdür. Fəqət, əlbəttə prezidentlər Vladimir Putinlə Volodimir Zelenskini görüşdürmək heç də asan deyil. Şübhəsiz ki, belə bir görüşün baş tutması üçün həm də Qərblə təmaslar hayata keçirilməsi, ABŞ və müttəfiqlərinin prosesə müdaxilə imkanı minimum olmalıdır. Bu isə çətindir. Çünki Ukrayna Qərbdən qopa bilməz. Əks halda müharibənin taleyi bir neçə günə həll olunar".
Nərgiz,
SİTAT.İNFO