"Rusiya prezidenti Vladimir Putinin son çıxışı zamanı dünyanı nüvə ilə təhdid etməsi və ölkəsində qismən səfərbərliyin elan olunmasından sonra bir çox analitiklər və şərhçilər bunu Rusiyanın uğursuzluğu kimi qiymətləndirdilər. Həqiqətən, 24 fevraldakı başlanğıc, Putinin səfərbərlik olmayacaq və bu yalnız xüsusi əməliyyatdır deməsi və heç bir il keçmədən sözünü tutmaması, başqa cür qiymətləndirilə də bilməz . Putinin son çıxışı əvvəlki qətiyyət ,qorxu və həyəcan ilə əvəzlənmişdi".
Putin ənənəsinə sadiq qalaraq özünü öz sələfi Stalinə oxşadaraq bütün işlərdə yenə Qərbi günahlandırdı . Bütün bu müharibənin əsl səbəbi Qərb və ABŞ imiş .
Bütün bunların fonunda hamını düşündürən əsas sual isə odur ki, həqiqətən Putin nüvə silahından istifadə edəcəkmi?
Bu haqda Ağ Partiya Mərkəzi Aparatının sədri, siyasi şərhçi Kamran Məmmədli Sitat.info-ya danışıb.
O hesab edir ki, Putin nüvə silahından istifadə edə bilər, ancaq insanların sıx məskunlaşdığı ərazilərdə deyil, daha ucqar və ya bəlkə də Baltik və Qara dənizində: "Bunun nəticəsində insanlar birbaşa təsirə məruz qalmasa da, ukraynalıları və Avropanı dəhşətə gətirəcək effekt yarana bilər. Bəzi ekspertlərə görə isə, Putin elektronikanı və telefon şəbəkələrini sıradan çıxarmaq üçün nüvə silahını orbitdə partlada bilər".
K.Məmmədlinin sözlərinə görə, hər bir halda Putin anlamalıdır ki, nüvə silahını ilk istifadə edənin ikinci şansı olmaya da bilər: "Bu təhdiddən dərhal sonra NATO buna münasibət bildirərək “Biz təhdidi ciddi qəbul edirik. Ehtiyac yaranarsa, onlara cavab verəcəyik” şəklində açıqlama verib.
Bəs bu cavab analoji olaraq nüvə ilə olacaqmı? Düşünürəm ki, Rusiya strateji yox, taktiki nüvə silahından istifadə edərsə NATO buna nüvə ilə cavab verməyəcək .
Bildiyiniz kimi, taktiki nüvə silahı nisbətən az gücə və məhdud nüvə zərbəsi endirmək gücünə malikdir. Ən kiçik taktiki nüvə başlığının gücü bir kilotondur ( müqayisə üçün Xirosimaya atılan atom bombasının gücü 15 kiloton olub) .
Bu səbəbdən, NATO-nun cavabı nüvə ilə olmayacaq, amma yüksək dəqiqlikli müasir texnoloji və güclü adi silahlar vasitəsi ilə Rusiya ərazilərinə zərbələr endirilə bilər ki , bu da Rusiya-Ukrayna müharibəsinin yeni Rusiya-NATO müharibə mərhələsinə keçidi ilə nəticələnə bilər .
Bu baxımdan, əgər Kreml rəhbərliyi nüvə tabunu qıracaq qədər dəlilik edərsə, fikrimcə bu Rusiyanın tam məğlubiyyətini daha da sürətləndirəcək".
Siyasi şərhçi vurğuladı ki, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə Rusiyaya heç bir taktiki və ya strateji fayda gətirməyəcək, əksinə NATO ölkələrindən cavab ehtimalını kəskin şəkildə artıraraq özünü daha bir batağlıqa atacaq: "Putin unutmamalıdır ki, nüvə arsenalının çəkindirici təsiri yalnız nüvə silahından istifadə olunana qədər işə yarayır. Düşünürəm ki, Rusiya üçün yeganə çıxış yolu ilkin mərhələdə son 7 ayda işğal etdiyi əraziləri tərk edərək, yenidən danışıqlar masasına qatılmaqdır . Əks halda bu həm Rusiya üçün, həm də dünya üçün fəlakət ilə nəticələnə bilər ".
Nigar Abuzər
SİTAT.İNFO