İki uşaq və anasının qətlində şübhəli olan yeznə HADİSƏ YERİNƏ gətirildi- Qətli bu cür törədib FOTOLAR

18:53 21 Fevral 2022

Bakıda iki uşaq və anasını qətlə yetirən Əhəd Əliyev qolu qandallı şəkildə polislər tərəfindən hadisə yerinə gətirilib.

Musavat.com xəbər verir ki, Əhəd Əliyev hadisəni necə törətdiyini canlandırıb. Onunla kimsənin yaxın təmasına, jurnalistlərin açıqlama almasına icazə verilməyib.

Qonşular kənardan şübhəlini hiddətlə qınayır və bildirirdilər ki, hadisədən öncə onu bu ərazidə bir neçə dəfə görüblər. 

Qeyd edək ki, ilkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev təxminən 2007-ci ildən 2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb. O Sabirabad rayonunda yaşayırdı. Prokurorluq nümayəndələri başqa bir işlə bağlı direktorun fəaliyyət dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum Gülnar və iki azyaşlı övladı illərdir qeyd olunan mənzildə kirayədə qalırmış. Qonşular deyir ki, Qaraxanlı ailəsinin bütün üzvləri sakit və mehriban idilər. Heç vaxt qonşularla aralarında problem yaşanmayıb. Əldə etdiyimiz məlumata görə, hər üç məhrumun meyiti ailə başçısı Fəsahət Qaraxanlıya təhvil verilib və Sabirabada ata yurduna aparılıb. Məlumata əsasən, F. Qaraxanlı TIR sürücüsüdür.

Bundan əlavə, qətli törədən Əhəd Əliyevlə də bağlı bir sıra təfərrüatları üzə çıxıb. Onun həyat yoldaşından boşandığı deyilsə də, elə deyilmiş. Ə. Əliyevin həyat yoldaşı hazırda Sabirabad şəhərində şirniyyat sexi işlədir. Özü isə rayonun Narlıq kəndində biologiya müəllimidir. 43 yaşlı Əhəd Əliyev Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. O, bir müddət Sabirabad rayon 8 saylı məktəbdə müəllim işləyib, sonrada isə Saatlı rayon Novruzlu kənd məktəbinə direktor təyin edilib. Əldə etdiyimiz məlumata əsasən, direktor işlədiyi zaman külli miqdarda borca girib. Belə ki, bir neçə müəllimin adından kredit götürüb, lakin krediti bağlaya bilməyib. Qətldən 3 gün əvvəl Gülnar Qaraxanlı anasına zəng edərək, “evin pulunu hazırlamışıq” deyib. Məlumata əsasən, Gülnar və həyat yoldaşı Fəsahət ev almağa hazırlaşırlarmış. Görünür Ə. Əliyev də onlarda pul olduğunu bilib və məlum dəhşətli qətli törədib.



Xəbər xətti