"43 maddəlik bəyannaməni oxudum, özü də hər iki dildə. Bəs, yaxşı qurtulduqmu? Onu deyə bilərəm ki, mətndə ölkəni birbaşa narahat edən, birbaşa təhdid edən maddələr yoxdur, amma narahatedici məqamlar var".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, REAL-ın icra katibi Natiq Cəfərli deyib.
Onun fikrincə, qardaş Türkiyə ilə imzalanan "Şuşa Bəyannaməsi", emosional fon və qarşılıqlı öhdəliklər baxımından daha güclüdür: "Moskvada imzalanan sənədin "su hissəsini" buraxsaq, məğzi belədir:
1) Moskva zəmanət istəyir ki, ölkəmiz NATO-dan uzaq olacaq. Zatən indi bizi orda gözləyən, qəbul edən yoxdur, etsəydilər Ukrayna və Gürcüstanı edərdilər.
2) Kreml deyir ki, Xəzər dənizində sahil ölkələrə məxsus hərbi kontinqentdən başqa heç bir ölkənin hərbçiləri olmamalıdır. Xəzərin Statusu haqqında sənəddə də bu var idi.
3) Putin deyir ki, sabah bizə qarşı kəskin sanksiyalar olsa, siz qarışmayın, ticarətimiz davam etsin.
4) Kreml deyir ki, bizim biznesi hər yerdə sıxacaqlar, siz onları ölkəyə buraxın ki, pul qazansınlar.
5) Moskva tələb edir ki, bizdən silah almağa davam edin.
6) Sənəddə MDB nin adı var, amma nə KTMT-nin, nə də Gömrük İttifaqının adı yoxdur - bu yaxşıdır.
7) Müsbət olan daha bir bənd var, "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar".
Mətn olaraq yaxşıdır, qalır həyata keçirilməsi, bu isə müşküldür, çünki rəsmi Kreml Xankəndindəki qondarma rejimi faktiki olaraq tanıyıb əməkdaşlıq edir.
Sonda onu da qeyd edim ki, Kreml ilə istənilən sənəd "su üzərinə" yazılmış kimidir, hər zaman pozula bilərlər. Ona görə də güclü daxili siyasətə hesablanmış Dövlət İnstitutları qurmağın əsl zamanıdır ki, təhlükələrdən sığortalana bilək.
Bəyannəmə isə hələ bir neçə ay sonra Parlamentin təsdiqinə gələcək, , necə ki, Şuşa Bəyannəməsi 8 aya gəldi. O zamana qədər yeni Parlamentin olması, formalaşması da mümkündür...".
SİTAT.İNFO