Rusiya trilyonlar itirir, Qərb isə enerji böhranı ilə üz-üzə: İqtisadi savaş başladı!

16:06 23 Fevral 2022

"Ukrayna böhranı həm Rusiyanı, həm də ABŞ və Qərbi qəliz duruma salıb. Son baş verən hadisələrdən sonra qarşıdurma maliyyə-iqtisadi savaş mərhələsinə keçməyə başlayıb".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

O bildirib ki, hazırda ABŞ və Qərb Rusiyaya qarşı beynəlxalq sanksiyalar tətbiq etməkdədirlər, ancaq bu proses Qərbdən verilən xəbərdarlıqların əksinə, total və sürətli addımların atılması xarakteri daşımır: "Rusiyaya qarşı beynəlxalq sanksiya paketlərinin işə salınması tədricən və zəifdən güclüyə doğru inkişaf edir. Yəni, ardıcıl şəkildə müxtəlif istiqamətlərə, fərqli hədəflərə yönəldilmiş sanksiya paketləri tətbiq olunur.
Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya dünyanın maliyyə-iqtisadi sistemində xüsusi payı olan dövlətdir. Rusiyanı dərhal bu sistemdən ayırıb, təcrid etmək dünya iqtisadiyyatında onsuz da mövcud olan böhranı daha da dərinləşdirə bilər. Yəni, ABŞ və Qərbin yekun nəticələrini nəzərə almadan Rusiyaya sanksiyalar tətbiq etməsi həm də onun müəlliflərinə də ağır zərbələr vura bilər".

E.Xalidbəylinin fikrincə,  Kremldə də bu reallığı tam dəqiqliyi ilə bilirlər: "Ona görə də, ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən, o qədər də dərinə getməyəcəyinə ümid bəsləyirlər. Ancaq bununla belə, Rusiyanın artıq Ukrayna böhranı ətrafında ABŞ və Qərblə qarşıdurma ucbatından maliyyə-iqtisadi itkiləri artmağa və öz təsirini göstərməyə başlayıb: "İlkin hesablamalara görə, Rusiya indiyə qədər 20 trilyon rubldan artıq maliyyə itkisinə məruz qalıb. Və bu rəqəm artmaqda davam edəcək.
Hazırda ABŞ və Qərb Rusiyanı əsas maliyyə gəliri mənbəyindən məhrum etməyə çalışır. İndi əsas hədəf Rusiyanın neft-qaz sektorudur. Ağ Ev Avropa ölkələrini, xüsusilə də Almaniyanı Rusiyanın “Şimal axını-2” qaz layihəsindən imtina etməyə çağırır. Bəzi Avropa ölkələri artıq bununla razılaşmağa meyl göstərirlər. Hətta Almaniyanın da Ağ Evin təzyiqləri qarşısında geri çəkilməyə başladığı müşahidə olunur. Əgər, bu, baş tutarsa, Rusiyanın dərhal üzləşəcəyi maliyyə itkisinin ən azı 10 milyard avro məbləğındə olacağı ehtimal olunur. Halbuki Kreml “Şimal axını-2” layihəsinə böyük ümidlər bəsləyirdi".

Siyasi şərhçi vurğuladı ki, Rusiyanın siyasi elitasına daxil olan Dmitri Medvedevin son açıqlaması da məhz bu məsələ ilə bağlıdır: " D.Medvedev “Şimal axını-2” layihəsindən imtina olunmasının Rusiya ilə yanaşı, Avropa ölkələrinə böyük zərbə vura biləcəyini qabartmağa çalışır. Hətta Avropa dövlətlərini təbii qazın min kubmetrini ən azı 2000 avroya almaq məcburiyyətinin ortaya çıxa biləcəyi ilə təhdid edir. Çünki Avropanın təbii qaza olan ehtiyaclarının 40 faizə yaxını Rusiyanın hesabına təmin olunur. Üstəlik hazırda Rusiya təbii qazından imtina ediləcəyi təqdirdə, bu boşluğun doldurulmasının mümkün olmayacağını da Kremldə dəqiq bilirlər. Bu baxımdan, təbii qaz faktoru Rusiyanın Avropa dövlətləri üzərində ən güclü təsir mexanizmi rolunu oynayır. 
Halbuki, bəzi Avropa ölkələri hətta “Şimal axını-1” təbii qaz xəttinin bloklanması ideyasını da gündəmə gətirməyə başlayıblar. Əgər, belə bir qərar qəbul olunsa, Rusiya öz əsas xarici maliyyə qaynaqlarından birini tamamilə itirmiş olacaq. Ancaq bu, Rusiya ilə yanaşı, Avropa ölkələrinin də enerji resurslarına olan ehtiyaclarını təhdid etdiyindən belə bir addımın atılacağı hələlik o qədər də inandırıcı görünmür. Hər halda, Avropa ölkələri bir neçə ay əvvəl D.Medvedevin də dediyi kimi, min kubmetri 2000 avrodan təbii qaz almağa artıq məcbur qalıblar. Bunun necə ağır eherji böhranı olduğunu artıq bilirlər".



Xəbər xətti