1990-cı illərin ortalarında Çində arxeoloji qazıntılar aparan Çin-Norveç arxeoloqları bir məzarlıq aşkar edirlər. Çinin mərkəz hissəsində Kərim səhrasında ağbəniz saçlı mumiya tapırlar. Mumiya duzlu ərazidə soyuq hava kütləsinin sayəsində öz görkəmini saxlamışdı. Maraqlıdır ki, mumiya monqoloid tipli deyildi.
Çin arxeoloqları mumiyanı tədqiq edəndə təəccüblə onun çinli deyil, vikinq olması ehtimalını irəli sürürlər. Bunun üçün də onlar Skandinav alimlərinə müraciət edirlər. Bu araşdırmada Azərbaycanın yaxın dostu olan məhşur Tur Heyerdal da iştirak edir. O, Çinə gəlir, mumiyanı tədqiq edəndən sonra bu barədə ABŞ-da dərc edilən “Azerbaijan İnternational” jurnalında geniş yazı çap etdirir. Yazıdan bir parçanı diqqətinizə çatdırıram:
“Bu məndə heç bir ciddi fikir yaratmadı. Axı vikinqlər uzaq Çinə necə gəlib çıxa bilərdilər? Ancaq çinlilərin mumiyanın e.ə. 1.800-1.500 il tarixinə aid olmasını bildirəndə məlum oldu ki, bu, vikinq deyilmiş. Tarix isə Qafqazı yenə diqqət mərkəzinə çıxarır.
Amerika və Çin ekspertləri bu mumiyaların geyiminin parça tipinin İrland keltləri ilə oxşar olduğunu bildirirlər. Lakin bu da heç bir məntiqə uyğun gəlimirdi. Biz İrlandiyaya müraciət etdik və bizə yazılı cavab verdilər ki, bu mumiya İrland deyil, Qafqazın, əsasən Azərbaycanın qədim insanlarının geyimi ola bilər. Əlimizdə olan sənədlər, faktlar bunun bariz nümunəsidir”.
Çində tapılan mumiyanın DNK kodu araşdırılır və ortaya belə nəticə çıxır: DNK-da aşkarlanan R1b1a2 haploqrupu daha çox müasir Avropa tipli insanlarda, daha Qafqaz insanlarında aşkarlanır.
Məlumdur ki, insan DNK-sında 46 xromosom vardır: burada Y xromosomundakı haploqrup minilliklər boyu nəsildən nəsilə ötürülərək dəyişməz qalır. Yəni eramızdan min illər qabaq ulu baban hansı haploqrupu daşımışsa, sən də həmin haploqrupun daşıyıcısan. Başqa cür ola bilməz.
Azərbaycanlılar arasında Y-xromosom haploqruplarından ən çox yayılmış haploqruplar J (J1, J2), G (G2) və R (R1) olur. Y-xromosom haploqruplarının N, T, E, H, I, L, O, Q və C olması azərbaycanlılar arasında da vardır. R haploqrupunun Avropa yarımkladları azərbaycanlıların qədim əhali ilə bağlılığından xəbər verir. Azərbaycanlılarda mitoxondrial haploqruplardan H və U haploqruplarına daha çox rast gəlinir. Azərbaycanlıların ana nəsillərinin əksəriyyəti (82%) Avropa haploqruplarına (H, I, J, K, T, U, V, W, X) bağlıdır.
Qısa olaraq izah edim ki, Çində tapılan mumiyada aşkarlanan haploqrup R qrupu, yəni azərbaycanlıların genetik kodu ilə eyni çıxıb.
//Axar.az