Əvvəlcə bildirək ki, Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-ci illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır.
Lakin yeraltı təbii sərvətləri ilə zəngin olan qəsəbənin sakinləri şəraitsizlikdən və kommunal problemlərdən əziyyət çəkir. Təsəvvür edin ki, 21-ci əsrdə qəsəbənin 10 faizinin internetə çıxışı var.
Qəsəbə sakinləri problemlərini SİTAT.İNFO-ya danışıblar.
Qəsəbənin problemlərini saymaqla bitməz. 3 minə yaxın əhalisi olan qəsəbənin cəmi bir marşrut avtobusu var. Sakinlərin dediyinə görə, 126 nömrəli marşrut xəttində cəmi 10 avtobus işləyir. Səhər saatlarında isə acınacaqlı vəziyyət yaranır. Dayanacağa yığılan onlarla sərnişin avtobusda yer olmadığından növbəti marşrutu gözləyir. Marşrutlar arasında interval 20 dəqiqə, bəzən daha çox çəkə bilir.
Qəsəbədə abadlıqdan isə söhbət gedə bilməz. Sakinlərin toplaşması, asudə vaxtlarını keçirmək üçün normal bir yer yoxdur. Evlərin, yolların kənarları zibillik içindədir. Kanalizasiya sistemi isə yox vəziyyətindədir. Çirkab sular bataqlıqlar yaradıb, üfunət iyindən evlərdə oturmaq olmur. Yay aylarında isə ağcaqanad və digər gəmirici həşəratların məskəninə çevrilir, Puta...
Puta qəsəbəsinin bir dənə də olsa apteki yoxdur. Sakinlər dərman vasitələrini qonşu Lökbatan qəsəbəsindən alırlar. Gecə dişin və yaxud başın ağrıdısa, vay halına...
Sakinlər bildirirlər ki, qəsəbənin abadlığı üçün ölkə başçısı tərəfindən bir neçə dəfə vəsait ayrılıb. Lakin aidiyyatı qurumlar bu vəsaiti düzgün xərcləməyiblər. Elə qəsəbənin acınacaqlı durumundan bunu görmək də olur.
Qəsəbəni xadimələri də təngə gəliblər. Zibillər yığılmaq əvəzinə yandırılır. Yandırılan zibillikdən qalxan pis qoxu isə daha da dözülməzdir. Maraqlıdır ki, bu hər gün səhər saatlarında zibilliklər yandırılır və heç bir tədbir görülmür.
Səid İsaoğlu,
Sitat.info