Sosial şəbəkələrdə yayılan etik olmayan elanda yazılır: "Övlad həsrətinə son! Pul töküb nəticə görməyənlərə təbii "donor" xidməti təklif edilir"
Sitat.info ATV-ə istinadən xəbər verir ki, ana olma bilməyənlərə edilən bu təklif 2 seansdan ibarətdir və 200 manat qarşılığında edilir. Təbii donor olmağı təklif edən şəxs ailəlidir və bir sağlam övladı olduğunu da bildirir. Qeyd edilir ki, cəmi 2 seansa nəticə olacaq və buna zəmanət verilir. Üstəlik xidmət haqqı klinikalardan daha ucuz.
Heç bir etik normaya sığmayan bu elana ictimaiyyətin reaksiyası birmənalıdır və əxlaqsız təklif kimi qiymətləndirilir.
İctimaiyyət nümayəndələri bu vəziyyətin Azərbaycan xalqı üçün bir faciə olduğunu, mənəviyyatımıza, milli mentalitetimizə, islami dəyərlərimizə zidd olan bu vəziyyətin qəbulediləz olduğunu bildirirlər.
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, məsələnin qanuni tərəfi bir yana, bu nə etik nə də dini baxımdan uyğundur. Bu elan həmçinin millətin genefondunu təhlükə altına atır.
Onun sözlərinə görə, bu məsələlərin hər biri reproduksiya, millətin genefondu məsələləridir və bunlar Azərbaycan qanunları və qanunverici aktları çərçivəsində aparılmalıdır.
— "Əvvəla, həmin adamın xəstəliyi haqqında, onun hansısa infeksion xəstəlikləri ilə bağlı məlumatlarının olub olmadığı məlum deyil. Belə bir vəziyyətdə dünyaya gələcək uşağın atası olaraq rəsmi sənədlərdə kimin, necə göstəriləcəyi də sual altındadır. Bu tamamilə həm qanunvericiliyə, həm də milli mentalitetimizə zidd bir elandır."
Demək olar ki, heç bir ölkədə belə hallara nə icazə var nə də belə bir elana rast gəlmək mümkündür. Məsələn, Almaniyada bu proses xüsusi klinikalarda həkim nəzarəti altında həyata keçirilir. Həmin klinikalarda donor bankı mövcuddur. Orada həm bioloji atanın, yəni donor olacaq şəxsin həm də ata olmaq istəyən şəxsin kimliyi gizli saxlanılır.
Ölkəmizdə də reproduktiv sağlamlıq haqqında qanun layihəsi hazırlanır.
Adil Qeybulla bildirir ki, bu ilk növbədə ailəvi razılıq əsasında baş verir, daha sonra donor bankına müraciət olunur və anonimliyi saxlamaq şərti ilə proses rəsmiləşdirilir. Bundan sonrakı bütün proseslər xüsusi nəzarət altında aparılmalı, baş verə biləcək hər hansısa infeksion xəstəliklərinin qarşısı alınmalıdır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi elanla bağlı araşdırmalara başlayıb.