"Ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri və həmin tədbirlər kontekstində müvafiq qaydada reallaşdırılan institutsional islahatlar və müvafiq qurumların mərkəzi icra hakimiyyəti orqanlarına biləvasitə birləşdirilməsi bütövlükdə təqdirəlayiq dəyərləndirilməli proseslərdir. Bununla yanaşı zənnimcə həm antikorrupsiya siyasəti, həm institutsional islahatlar baxımından, hadisələr baş verdikdən sonra reaksiya bildirmək əvəzinə onların xəbərdar edilməsinə nail olmalıyıq.
İlk növbədə antikorrupsiya tədbirlərindən danışırıqsa, bu tədbirlərin reallaşdırılması üçün dövlətdə müvafiq normativlər hazırlanmalı və vəzifəsindən asılı olmayaraq bütün məmurlara tətbiq edilməlidir.
Əgər insanın həyat tərzi, xərcləri, adına olan mülkləri və s. onun gəlirləri ilə müvafiq deyilsə və həmin şəxs dövlətin hər hansı bir vəzifəsində çalışırsa hesab edirəm ki, bu korrupsiyanın genişlənməsi üçün bir şəraitin yaradılmasıdır. Sonra isə həmin şəraiti aradan qaldırmağa çalışırıq.
Eyni zamanda, real olaraq dövlət məmurlarının deklarasiylarının təqdim edilməsinə getməliyik. Bu mütləq şəkildə həyata keçirilməlidir".
Bu sözlər sitat.info-ya açıqlamasında professor Elşad Məmmədov deyib.
Professor bildirdi ki, dövlət qurumlarının fəaliyyətləri ilə bağlı normativlər yaradılmalı və onlar hər ilin sonunda hesabat verməlidirlər:
Efektiv qaydada vergi siyasətinin, vergi mexanizmlərinin tətbiq edilməsinə nail olmalıyıq.
İctimai nəzarət mexanizmlərinin effektivliyini təmin etmək lazımdır. Azərbaycan elə də böyük ölkə deyil, Azərbaycanda necə ola bilər ki, hansısa məmurun, məmur övladlarının milyondan artıq qiyməti olan avtomobilləri, mülkləri olsun?!
Məlum məsələdir ki, bunların əldə edilməsi qanuni yollarla aparılmayıb. Çünki məmurun əldə etdiyi əməkhaqqı həmin avtomobilləri, mülkləri almağa şərait yarada bilmir. Bilməz də. Ona görə ki, o adam bizneslə məşğul deyil, sahibkarlıqla da məşğul olması qadağandır.
İctimaiyyət bunları görür və hər kəs təbii olaraq düşünür ki, bunların əldə edilməsində qeyri-qanunilik var.
Bütün bunlar ictimaiyyət üçün bir qığılcımdır. İctimai fikirdə bu kimi hallara çox mənfi reaksiya var. Ona görə də bu tədbirlərin həyata keçirilməsi üçün addımlar atılır, bu addımlar təqdirəlayiqdir.
Dövlət qurumlarının fəaliyyəti ilə bağlı normativlər yaradılmalı və hər ilin sonunda qurumlar bu normativlərə bağlı hesabatlar verməlidir. Əgər normativlərə cavab verilmirsə qurumun müvafiq vəzifəli şəxsləri vəzifədən kənarlaşdırılmalıdır".
Seymur Bənnayev
Sitat.info