Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ

16:24 20 Dekabr 2024

Bəşər Əsəd rejimi devriləndən sonra Suriyanın paytaxtı Dəməşqin mərkəzindəki Əməvilər Meydanında yüzlərlə suriyalının iştirakı ilə mitinq keçirilib.

Musavat.com xəbər verir ki, mitinqçilər Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaara (Colani) adminstrasiyasının rəsmi sözçüsü Obaida Arnaoutun fikirlərinə etirazılarını bildiriblər.

Çıxışçılar hərbçilərdən uzaq sivil idarəçilik, qadınların yeni hakimiyyətə qatılma haqqına məhdudiyyətlər qoyulmaması tələbləri ilə çıxış ediblər. İslamlaşmadan və dini meyllərdən uzaq demokratik vətəndaş dövlətinin qurulmasını, suriyalılara dini məhdudiyyətlər qoyulmaması tələbləri səsləndirilib. Suriyanın bütün məzhəb və millətlərdən olan suriyalılar üçün var olduğunu, hər bir suriyalının öz səlahiyyətlərindən istifadə etmək hüququna malik olduğunu vurğulayıblar.

Suriyanın yeni siyasi administrasiyasının rəsmi sözçüsü Obaida Arnaoutun bir neçə gün əvvəl Livanın “Əl-Jadeed” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər nümayişçiləri hiddətləndirib.

Arnaout açıqlamasında “bütün işlərlə, məsələn, Müdafiə Nazirliyi sistemində qadının vəzifəyə gətirilməsi onun varlığı, bioloji və psixoloji mahiyyəti ilə uyğun gəlmir...” deyib və bu, sosial şəbəkələrdə geniş müzakirələrə, etirazlara səbəb olub.

Obaida Arnaoutun “Qadınların nazirlik və parlament vəzifələrində təmsil olunmasına gəlincə, biz görürük ki, bu məsələnin hazırda müzakirəsi tezdir və bu məsələ də hökumətin formasını yenidən nəzərdən keçirəcək hüquq və konstitusiya mütəxəssislərinin öhdəsinə buraxılıb. Yeni Suriya dövlətində qadınlarla bağlı heç bir qorxu olmayacaq” deməsi də hiddət dolu etirazları səngitməyib.

Bundan başqa, Arnaout qeyd edib ki, “hicabın nə xristian komponentinə, nə də başqa bir komponentə tətbiqi olacaq, çünki bu məsələlər mübahisə mövzusu deyil və insanlar azaddır”.

Tanınmış suriyalı fəal Heba Əl-Qull Arnaouta sərt cavab verib və onu köhnəlmiş və repressiv fikirləri davam etdirməkdə ittiham edib. Əl-Qull suriyalı qadınların siyasətə, cəmiyyətə və orduya tarixi töhfələrini vurğulayıb.

“Cənab spiker, qadınları istənilən vəzifədən, hətta Suriya Respublikasının prezidentliyindən də çəkindirmək üçün əsas kimi “bioloji tərkibə” istinad etməyə nə haqqınız var?

Əl-Qull Suriyanın qadın liderləri, o cümlədən Zenobia, İştar və Julia Domna kimi xadimlərin, eləcə də erkən Suriya ordusunda mühüm rol oynamış kapitan Nazik əl-Abed və Alice Kandelft kimi müasir liderlərin olduğunu vurğulayıb.

O, məktubunda qadınların rollarını məhdudlaşdırmağa haqq qazandırmaq üçün Arnaoutun dini arqumentlərə istinad etməsini də rədd edib. Əl-Qull İslam tarixindən xəlifə Ömər ibn əl-Xəttab tərəfindən ilk qadın vəzir təyin edilən Əş-Şifa bint Abdullah və geniş biliyi və nüfuzu ilə məşhur olan Aişə bint Əbu Bəkr kimi tarixi nümunələrin olduğunu xatırladıb:

“İslam qanunlarına müraciət etmək niyyətindəsinizsə, liderlik və idarəçilik rollarını qadınlara həvalə edən sələflərimizin mirasına yenidən baxmalısınız. Müqayisə üçün qeyd edək ki, sizin fikirləriniz həm repressivdir, həm də İslam prinsiplərindən uzaqdır”.



Xəbər xətti