"Ənənəvi media ciddi xəbər deməkdir, sosial şəbəkələr əsla onun yerini tuta bilməz" — Aqil Ələsgər

12:45 20 Dekabr 2024

"Media savadlılığı sadəcə jurnalistlər üçün deyil, ümumiyyətlə media savadlılığının artırılması, xəbərlərə münasibətin formalaşması hər bir cəmiyyət üçün vacibdir. Xüsusilə süni intellektin meydan suladığı bu cəmiyyətdə hesab edirəm ki, "feyk nyus"ların, "deepfake"lərin çox üst səviyyəyə qalxdığı bir dövrdür. Əlbəttə ki, media savadlılığında xəbərin keyfiyyətinin təhlilini, ona tənqidi yanaşma, iş qaynağının vacibliyi çox önəmlidir. Bu baxımdan media savadlılığı həftəsində bu məsələlərə bir daha təkrar media qurumlarının, jurnalistlərinin, ümumiyyətlə vətəndaş cəmiyyətinin də diqqət yetirməsi Azərbaycanda media keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq".

 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər media savadlılığından danışarkən deyib.
 
A.Ələsgər hesab edir ki, yeni media haqqında qanun, jurnalistlər üçün təşkil olunan təlimlər medianın inkişafına təkan verəcəkdir:
 
"Hesab edirəm ki, artıq üç ilə yaxındır ki, Azərbaycanda mətbuatda yeni media siyasətinin ortaya qoyulması, yeni media haqqında qanunun qəbul olunması, Medianın İnkişafı Agentliyi ilə Ada Universitetinin birlikdə jurnalistlər mətbuat xidmətləri rəhbərləri, könüllülər üçün ardıcıl keçirdikləri seminarlar, konfranslar Azərbaycanda medianın inkişafına təkan verəcəkdir. Bu da bir çox hallarda özünü göstərir. Məsələn, əvvəllər Azərbaycan mediasına edilən tənqidlər demək olar ki, bu son dönəmlərdə o tənqidlərdən ciddi şəkildə nəticə çıxarılıb və görünür ki, bu məsələdə Azərbaycan mediası daha diqqətcildir. Xüsusən bu söhbət ənənəvi mediadan gəlir".
 
Media eksperti bildirib ki, sosial şəbəkələr heç vaxt ənənəvi medianın yerini tuta bilməz:
 
"Sosial şəbəkələr hər zaman aktiv olub. Sosial şəbəkələr heç vaxt ənənəvi medianın yerini tuta bilməz. Çünki sosial şəbəkə bir platformadır, yəni hər kəsin öz məhsulunu satmaq istədiyi platformadır. Ənənəvi media isə ciddi mediadır, ciddi xəbər deməkdir. O baxımdan, heç bir şəkildə bunların qarşılaşdırılması belə qüsurludur. Nə qədər sosial media yüksək olsa da, hesab etmirəm ki, ənənəvi medianın yerini tutacaqdır. Yenə bir müddətdən sonra insanlar hansısa bir blogeri, "influencer"i izləsələr də məsələ ciddiləşəndə, ciddi xəbər axtaranda, insanların istinad yeri ənənəvi media olacaqdır, nəinki hansısa bir sosial şəbəkə fenomeni".



Xəbər xətti